"O heyvanlarda hər hansı yararsız vəziyyət müşahidə edilmir"
ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti Ucar rayonun Lək kənd sakini Sevinc Həsənovanın “özünüməşğulluq proqramı” çərçivəsində ona verilən heyvanların xəstə olduğu iddiasına cavab verib. Qurumdan bildirilib ki, S. Həsənovanın şikayəti ilə bağlı mediada əksini tapan məqalədəki xəstə heyvan şəklinin ona verilmiş mal-qara ilə heç bir aidiyyəti yoxdur. Təqdim olunan digər iki şəkil isə S.Həsənovaya verilən mal-qaranı əks etdirir və onların hər hansı yararsız vəziyyəti də müşahidə edilmir.
Məlumat üçün qeyd edək ki, ötən ilin noyabr ayında S.Həsənovaya mal-qara özünün iştirakı və razılığı ilə alınaraq təhvil verilib. Təhvil verilərkən də ailəsi mal-qaradan razılığını bildirib və aktı imzalayıblar.
Lakin aradan iki ay vaxt ötəndən sonra o, rayon məşğulluq mərkəzinə müraciətində verilmiş mal-qaranın sağlamlığı ilə bağlı şikayət edib. Bununla bağlı müvafiq araşdırma aparılıb, nazirliyin əməkdaşları tərəfindən onun təsərrüfatına baxış keçirilib. Baytar həkim müayinəsi aparılıb və nəticədə mal-qaranın tam sağlam olduğu, sadəcə olaraq yaxşı yem verilmədiyi üçün südünün az olduğu barədə rəy verilib.
Bir daha bildiririk ki, proqram iştirakçılarının mal və materiallarla təminatı işlərinə, verilən mal-materialların keyfiyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ciddi nəzarət olunur. Hər bir proqram iştirakçısına mal və materiallar verilərkən bu proses verilən mal-materialların keyfiyyəti, eyni zamanda, heyvandarlıq üzrə təsərrüfat quranlara verilən mal-qara ilə bağlı onun rəyi, məmnunluğu mütləq şəkildə nəzərə alınmaqla akt əsasında rəsmiləşdirilir. Sevinc Həsənovaya heyvanlar təqdim olunan zaman da bu amil nəzərə alınıb və ailəsi aktı imzalayaraq mal-qaranı təhvil alıb.