Banklar Azərbaycanda ən çox kimə pul verir: iri biznesə, yoxsa KOB-lara?
Azərbaycan bank sektorunda biznes kreditləşməsi genişlənməkdə davam edir. Lakin 17,3 milyard manatlıq kredit portfelinin daxilinə baxanda daha maraqlı mənzərə ortaya çıxır: bankların biznesə ayırdığı hər 100 manatın təxminən 53,5 manatı iri sahibkarlığın, 46,5 manatı isə mikro, kiçik və orta sahibkarlığın payına düşür.
Bu, ilk baxışda iri biznesin bank maliyyələşməsində dominant mövqeyini göstərir. Lakin son bir ildəki dəyişikliklər daha fərqli dinamikadan xəbər verir: iri sahibkarlığın kredit portfelindəki məbləği artsa da, onun payı bir qədər azalıb, KOB seqmentinin çəkisi isə yüksəlib. Azərbaycan Mərkəzi Bankının 2026-cı ilin iyul statistik bülletenindəki rəqəmlər bu mənzərəni kifayət qədər aydın göstərir.
17,3 milyard manatlıq kredit bazarı necə bölünür?
İyulun sonunda Azərbaycanda bankların ümumi kredit portfeli 32,1 milyard manat olub. Bunun 17,33 milyard manatı və ya təxminən 54%-i biznes kreditlərinin payına düşüb. İstehlak kreditləri 10,04 milyard manat, ipoteka kreditləri isə 4,73 milyard manat təşkil edib. Lakin biznes kreditlərinin öz daxilində bölgü daha maraqlıdır.
17,33 milyard manat belə bölünüb:
İri sahibkarlıq – 9,269 milyard manat
Mikro sahibkarlıq – 3,870 milyard manat
Orta sahibkarlıq – 2,364 milyard manat
Kiçik sahibkarlıq – 1,830 milyard manat
Beləliklə, iri sahibkarların biznes kreditlərində payı 53,5%, mikro sahibkarların payı 22,3%, orta sahibkarların payı 13,6%, kiçik sahibkarların payı isə 10,6% təşkil edib. Başqa sözlə, biznes üçün banklardan götürülən hər 100 manatın 53,5 manatı iri biznesə, 46,5 manatı isə KOB seqmentinə gedir. Bu, Azərbaycanın bank sektorunda biznes maliyyələşməsinin hələ də böyük sahibkarlıq ətrafında cəmləşdiyini göstərir.
İri biznesin payı əslində azalıb
Bir il əvvələ qayıtsaq, 2025-ci ilin iyulunda biznes kreditlərinin ümumi həcmi 15,06 milyard manat idi. Bunun 8,22 milyard manatı iri sahibkarlığa verilmişdi. Yəni iri biznesin payı 54,6% idi.
2026-cı ilin iyulunda isə iri sahibkarlığa verilmiş kreditlər 9,27 milyard manata yüksəlib. Deməli, bir il ərzində iri biznesin kredit portfeli təxminən 1,05 milyard manat və ya 12,7% artıb. Amma ümumi portfeldə payı 54,6%-dən 53,5%-ə düşüb. Bu, çox mühüm fərqdir. Çünki yalnız nominal məbləğə baxsaq, “banklar iri biznesə daha çox pul verir” nəticəsinə gəlirik. Amma struktur payına baxanda başqa nəticə alınır. İri biznesin kreditləri artır, amma biznes kreditləşməsinin ümumi böyüməsində KOB-ların çəkisi də genişlənir.
KOB-ların sturukturu...
Burada daha maraqlı dinamika var. 2025-ci ilin iyulundan 2026-cı ilin iyuluna orta sahibkarlıq 2,018 milyarddan 2,364 milyard manata yüksələrək 17,2% artıb. Kiçik sahibkarlıq 1,529 milyarddan 1,830 milyard manata çataraq 19,7% artıb. Mikro sahibkarlıqda isə portfel 17,7% artaraq 3,288 milyarddan 3,870 milyard manata çatıb. Yəni hər üç KOB kateqoriyasında kredit portfeli iri sahibkarlıqdan daha sürətli böyüyüb.
Nəticədə mikro, kiçik və orta sahibkarlığın ümumi biznes kreditlərindəki payı bir il ərzində təxminən 45,4%-dən 46,5%-ə yüksəlib. Bu, cəmi 1,1 faiz bəndi dəyişiklikdir. Amma 17 milyard manatdan böyük bir bazarda belə dəyişiklik artıq nəzərəçarpacaq struktur hərəkətidir.
Dövlətin rolu nə qədərdir?
Bülletenin başqa bir rəqəmi burada xüsusilə diqqət çəkir. 17,33 milyard manatlıq biznes kreditlərinin içində dövlət fondlarının hesabına verilmiş kreditlərin həcmi 1,259 milyard manatdır. Bu, ümumi biznes kreditlərinin təxminən 7,3%-i deməkdir. Başqa sözlə, biznes kreditlərinin böyük hissəsi kommersiya banklarının öz resursları hesabına formalaşır.
Bu, KOB maliyyələşməsi baxımından mühüm məqamdır. Çünki KOB-ların kreditləşməsinin genişlənməsi yalnız dövlət dəstəyi ilə deyil, bankların kommersiya kreditləşməsi kanalı ilə də baş verir.
Eyni zamanda, dövlət fondlarının maliyyələşməsinin ümumi biznes kreditlərindəki payının 10%-dən aşağı olması göstərir ki, bank sektoru biznes maliyyələşməsinin əsas daşıyıcısı olaraq qalır.
Banklar üçün hansı sahibkar daha rahat müştəridir?
Burada isə statistikadan birbaşa görünməyən, amma bankçılıq baxımından çox vacib məsələ ortaya çıxır. İri şirkətə böyük kredit vermək və 100 mikro sahibkara kiçik kredit vermək eyni şey deyil. İri biznes daha böyük girov imkanlarına, daha uzun maliyyə tarixçəsinə, daha formal maliyyə hesabatlarına, daha proqnozlaşdırılan pul axınlarına malik ola bilər.
KOB və xüsusilə mikro biznesdə isə vəziyyət fərqli ola bilər: maliyyə hesabatlarının keyfiyyəti, girov problemi, qeyri-formal dövriyyə, biznes tarixçəsinin qısalığı, pul axınlarının dəyişkənliyi bank üçün riskin qiymətləndirilməsini çətinləşdirə bilər.
Bu səbəbdən bankın iri biznesə daha böyük məbləğ ayırması mütləq şəkildə “banklar KOB-lara kredit vermək istəmir” anlamına gəlmir. Burada əsas məsələ risk və kreditin maya dəyəridir.
Kredit portfeli böyüyür, risk də
Biznes kreditlərinin artımını yalnız müsbət göstərici kimi təqdim etmək də düzgün olmaz. Çünki eyni bülleten bank sektorunda qeyri-işlək kreditlərin də yüksək səviyyədə qaldığını göstərir.
İyulun sonunda bankların ümumi QİK portfeli 932,3 milyon manat olub. İlin əvvəlində bu göstərici 762,6 milyon manat idi. İyunun sonunda isə 953,5 milyon manat təşkil etmişdi. Ümumi QİK/kredit portfeli nisbəti iyulda 2,9% olub.
Daha maraqlısı biznes kreditlərində problemli kreditlərin nisbətidir: iyulda bu göstərici 3,0% olub. Bu isə KOB maliyyələşməsi məsələsinə başqa tərəfdən baxmağa imkan verir: Kreditin əlçatanlığı artır, yoxsa banklar risk iştahını dəyişir?
Hansı sahələr daha çox maliyyələşir?
Biznes kreditlərinin yalnız sahibkarların ölçüsünə görə deyil, fəaliyyət sahələrinə görə bölgüsü də çox şey deyir. İyulun sonunda ticarət – 4,21 mlrd manat, nəqliyyat – 2,69 mlrd manat, sənaye – 2,72 mlrd manat, kənd təsərrüfatı – 1,99 mlrd manat, tikinti – 1,82 mlrd manat, digər qeyri-istehsal və xidmət sahələri – 3,11 mlrd manat kredit portfelinə malik olub.
Burada xüsusilə nəqliyyat kreditlərinin son aylarda kəskin artması diqqət çəkir. 2025-ci ilin sonunda nəqliyyat sektoruna biznes kreditləri 1,89 milyard manat olduğu halda, 2026-cı ilin iyulunda 2,69 milyard manata yüksəlib. Yəni, təxminən 796 milyon manatlıq artım var.
Azərbaycanın KOB maliyyələşməsi modeli dəyişir?
Azərbaycan biznesinin gələcəyi baxımından daha vacib sual kreditlərin ümumi məbləği deyil. Əsas məsələ həmin kreditlərin kimə, hansı şərtlərlə və hansı məqsədlə verilməsidir. Çünki 17,3 milyard manatlıq kredit portfeli bizə yalnız bankların nə qədər pul verdiyini deyir.
O pulun iqtisadiyyatda nə qədər yeni istehsal, investisiya, ixrac, məşğulluq və məhsuldarlıq yaratdığını isə hələ demir. Azərbaycan banklarının biznes kreditləri istehlaka və dövriyyəyə daha çox xidmət edir, yoxsa yeni investisiyaya və istehsala - bu əsas suallardan biridir.


















