Dünyada yeni "bond yağışı" gözlənilir
Önümüzdəki bir neçə həftə ərzində ABŞ, Böyük Britaniya və Avrozona hökumətləri bazarı əvvəllər heç vaxt görülməmiş sürətlə istiqrazlarla doldurmağa başlayacaqlar.
ENA.az xəbər verir ki, Bloomberg Intelligence hesablamalarına görə, bir vaxtlar ağlasığmaz dərəcədə artan kəsirlərlə mübarizə aparan bu ölkələr Yaponiya ilə birlikdə 2024-cü il üçün xərc planlarını maliyyələşdirmək üçün xalis 2,1 trilyon dollarlıq yeni istiqrazlar satacaqlar ki, bu da keçən illə müqayisədə 7 faiz çoxdur.
İnkişaf etmiş iqtisadiyyatlarda büdcə kəsirlərinin artması ilə bağlı narahatlıqlar son vaxtlar aradan qalxıb. Bu, inflyasiyanın yavaşlaması və investorların diqqətini faiz dərəcələrinin azaldılmasına yönəltməsi ilə bağlı olub. Lakin bir çox istiqraz bazarı analitikləri, cari tələb və təklif dinamikasını nəzərə alaraq, büdcə kəsirləri ilə bağlı narahatlıqların bərpa olunmasını yalnız vaxt məsələsi kimi görürlər.
ING Financial Markets-in qlobal istiqraz və faiz dərəcəsi strategiyasının rəhbəri Padhraic Garvey, "Hazırda bazar FED-in faiz dərəcəsi dövrünə fokuslanıb. Bu məsələ yenilikdən çıxdıqdan sonra biz büdcə kəsiri ilə bağlı daha çox narahat olmağa başlayacağıq. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatları göstərir ki, 20 il əvvəl inkişaf etmiş iqtisadiyyatlarda təqribən 75 faiz olan dövlət borcu/ÜDM nisbəti pandemiyadan sonra hökumətlərin borc almasının artması nəticəsində 112 faizdən yuxarı qalxıb", - deyib.