Birja

Səudiyyə Ərəbistanına hücumlar neftin qiymətini yüksəldib (22.10.2026)

Dünya bazarlarında neftin qiyməti Yaxın Şərqdə gərginliyin artması və enerji infrastrukturuna hücumlar fonunda yüksəlib.

ENA.az xəbər verir ki, oktyabrın 22-də “Brent” markalı neftin fyuçersləri 1,2% bahalaşaraq bir barel üçün 110,11 dollara, ABŞ-ın WTI markalı nefti isə 1% artaraq 98,12 dollara çatıb.

Qiymət artımına Yəməndəki husilərin Səudiyyə Ərəbistanına hücumlarını gücləndirməsi təsir edib. Məlumata görə, Dammam şəhərindəki mülki hava limanına hücum nəticəsində bir nəfər ölüb, səkkiz nəfər yaralanıb. Ölkədəki neft yatağına pilotsuz uçuş aparatı ilə hücum zamanı isə iki nəfər həyatını itirib.

ABŞ-ın Səudiyyə Ərəbistanındakı bəzi diplomatik nümayəndəliklərində çalışan əməkdaşların ailə üzvlərinin ölkədən çıxarılmasının istənilməsi də regiondakı təhlükəsizlik risklərini artırıb. Analitiklər tanker hücumlarının Hörmüz boğazından kənara, Oman körfəzinə qədər yayıldığını və bunun neft daşımalarına əlavə təhdid yaratdığını bildirirlər.

Bununla yanaşı, ABŞ-ın Enerji İnformasiya Administrasiyasının məlumatına görə, ölkənin kommersiya neft ehtiyatları ötən həftə 3,06 milyon barel azalaraq 412,5 milyon barelə düşüb. Bu azalma da bazarda qiymətlərin yüksəlməsinə təsir edən amillərdən biri olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)