Əhalinin bankdakı pulları azaldı - Səbəb nədir?
31 oktyabr 2023-cü il tarixinə Azərbaycan banklardakı əmanətlərin həcmi 34 milyard 991,25 milyon manatdır. Bu isə 2022-ci ilin sonuna olan göstəricidən 3,5% azdır.
2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 7% artaraq 12 milyard 564,1 milyon manata çatıb.
ENA.az xəbər verir ki, oktyabrda əhalinin əmanətlərinin həcmində 141,4 milyon manat azalma qeydə alınıb. Bu isə "Muğanbank"ın lisenziyasının ləğvi ilə əlaqədar sığortalanan əmanətlərin qaytarılması ilə bağlıdır.
Mərkəzi Bankın məlumatına görə, 2023-cü ilin ötən on ayında əhalinin milli valyutada depozitlərinin həcmi 14% artaraq 8 milyard 141,68 milyon manat olub. Bu isə bütün əmanətlərin 64,8%-ni təşkil edir. Bununla yanaşı, əhalinin milli valyutada depozitləri oktyabrda 109,8 milyon manat azalıb.
Əhalinin xarici valyutada olan bank əmanətləri 3,9% azalaraq 4 milyard 422,39 milyon manatdır. Yəni, bütün əmanətlərin 35,2 faizini təşkil edir.
Qeyd edək ki, 2022-ci ilin sonuna xarici valyutada əmanətlərin xüsusi çəkisi 39,2 faiz idi.
Təkcə oktyabrda xarici valyutada depozitlər 31,5 milyon manat azalıb.
Yanvar-oktyabr aylarında rezidentlərin bank depozitlərinin həcmi 6,4% artım ilə 11 milyard 247,08 milyon manata çatıb, qeyri-rezidentlərin bank əmanətlərinin həcmi isə 12,2% artımla 1 milyard 316,99 milyon manat təşkil edib.