Frilanser kimi çalışan vergi ödəyicisinin hansı öhdəlikləri yaranır?
Məndən frilanser kimi çalışdığım saytdan qazandığım məbləği nağdlaşdırmaq üçün VÖEN nömrəsi tələb olunur. VÖEN açdıqdan sonra büdcəyə hansı aralıqlarla və nə qədər məbləğdə vergi ödəməli olacağam?
Dövlət Vergi Xidməti bildirir ki, sorğuda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamazdan əvvəl vətəndaş vergi ödəyicisi kimi uçota alınmalıdır. Fiziki şəxs vergi uçotuna alınarkən, fəaliyyət növündən asılı olaraq, təqdim edilən ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən edilmiş dərəcələrlə ödəməlidir.
Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməzlər. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququ saxlanılır.
Sorğuya əsasən, gəlirləri yalnız vergi ödəyicisi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər vergi ödəyicisinə xidmət etdiyi üçün həmin şəxsin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur və o, gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlidir.
O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır.
Həmçinin, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir.
Bununla yanaşı, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən, fərdi sahibkarlar minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəməlidirlər.
Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq, etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101.3-cü, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunları.