Vətəndaşlar bu sayğacların quraşdırılması üçün pul ödəməyəcək
Enerji istehlakçısı ilə ona xidmət göstərən energetika subyektinin qarşılıqlı hüquq və öhdəlikləri bu Qanun, energetika sahəsinin müxtəlif sektorlarını tənzimləyən qanunlar nəzərə alınmaqla, enerji istehlakçısı ilə energetika subyekti arasında bağlanılan müqavilə ilə tənzimlənir.
Bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Energetika haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, energetika subyekti normativ hüquqi aktlara zidd olan və ya icrası qeyri-mümkün şərtləri, tələbləri və öhdəlikləri enerji istehlakçısının üzərinə qoya bilməz.
2025-ci il iyulun 1-dən sərbəst olmayan istehlakçıların elektrik enerjisi təchizatı üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən səlahiyyətli təchizatçı müəyyən ediləcək. Sərbəst olmayan istehlakçılar elektrik enerjisini yalnız səlahiyyətli təchizatçıdan ala bilərlər. Həmin tarixdən sərbəst istehlakçı enerji təchizatçısını seçmək hüququna malik olacaq.
Enerji istehlakçıları istehlak edilən enerjinin sərfiyyatını sayğacların göstəriciləri əsasında ödəyirlər. İstehlakçıların tikinti obyektlərinin qoşulduqları energetika şəbəkəsindən asılı olaraq məişət istehlakçıları üçün sayğaclar müvafiq sistem operatorunun vəsaiti hesabına, qeyri-məişət istehlakçıları üçün isə qeyri-məişət istehlakçısının öz vəsaiti hesabına müvafiq sistem operatoru tərəfindən təchiz edilir, quraşdırılır və dəyişdirilir.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, hər bir istehlakçı istifadə etdiyi energetika materiallarının və məhsullarının müqabilində paylayıcının təqdim etdiyi hesab üzrə ödəniş həyata keçirir. Bununla əlaqədar:
– paylayıcı istehlakçıya enerji ötürən hər bir yeni enerji qurğusunu fərdi sayğacla təchiz etməlidir;
– sayğacı olmayan istehlakçının fərdi sayğacın quraşdırılmasını tələb etmək hüququ vardır (Sayğacın dəyəri və quraşdırılması üçün çəkilən xərclər qanunvericiliyə müvafiq şəkildə ödənilə, o cümlədən sayğaca sertifikat verilən gündən bir il ərzində istehlak olunan enerjinin qiymətinə kompensasiyalar vasitəsilə paylayıcı tərəfindən həyata keçirilə bilər və bu halda sayğac paylayıcının mülkiyyətinə keçir);
– müvafiq icra hakimiyyəti orqanı sayğacların quraşdırılmasına tətbiq edilən texniki tələblər, enerji sərfiyyatının fərdi sayğaclarının sertifikatlaşdırılması və yoxlanması qaydaları haqqında əsasnamələr qəbul edir.