Neftin qiyməti üzü yuxarıdır 12.09.2023
Bugün neft qiymətləri yüksəlir, treyderlər bazarda tələb və təkliflə bağlı yeni siqnallar gözləyirlər. ENA.az xəbər verir ki, onların diqqəti OPEC və Beynəlxalq Enerji Agentliyinin (IEA) müvafiq olaraq çərşənbə axşamı və çərşənbə günü dərc olunacaq aylıq neft bazarı hesabatlarına yönəlib.
Londonun ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 9:15-də bir barel üçün 91 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanışına nisbətən 0,36 dollar (0,4%) bahadır.
Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda oktyabr ayı üçün WTI neftinin fyuçersləri bu vaxta qədər 0,45 dollar (0,52%) bahalaşaraq bir barelə görə 87,74 dollar təşkil edib.
Bazar ertəsi ticarət zamanı Brent neftinin qiyməti 1 barelə görə 91,45 dollara, WTI markalı neftin qiyməti 88,15 dollar/barelə qədər yüksəlib. Səudiyyə Ərəbistanının könüllü hasilat məhdudiyyətini bu ilin sonuna qədər uzatmasından sonra neft tədarükü çatışmazlığı qorxusu fonunda hər iki müqavilə noyabr ayından bəri ən yüksək səviyyədə ticarət edilir. Bununla belə, sessiyanın sonunda həm Brent, həm də WTI bir qədər ucuzlaşıb.
"Neft bazarında artım sürəti artıq tükənib," Sinqapurdakı Vanda Insights-ın təsisçisi Vandana Hari deyir: "Bazarın gələcək istiqamət seçməsi üçün yeni siqnallara ehtiyacı var. Qiymətlər bir müddət barel üçün 90 dollar ətrafında dəyişə bilər".
Son iki həftə ərzində Brent markalı neftin qiyməti 7%-dən çox, WTI markalı neftin qiyməti təxminən 10% artıb.