Bank

"Premium Bank" depozitlərini geri çəkərək nağd vəsaitini artırdı - HESABAT

Banklar və digər maliyyə qurumlarındakı pullarını sürətlə geri çəkən “Premium Bank” ASC, nağd vəsaitini və kredit portfelini artırıb. ENA.az xəbər verir ki, 2023-cü ilin yanvar-iyun aylarında 38 milyon manat pulunu geri götürən “Premium Bank” nağd vəsaitlərin həcmini 44 milyon manat artırıb və kredit portfelini böyüdüb. 

 

Nağd vəsaitlərini 44 milyon manat artırdı

Hesabata görə, Bankın aktivləri 6,4% artaraq 736,786 milyon manat təşkil edib. Aktivlərin 63,8%-ni kredit portfeli təşkil edir. Belə ki, cəmi kredit portfeli 470,459 milyon manatdır, bu isə 2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə 7,7% çoxdur. Bankın kredit portfelinin 91,15-i biznes kreditləridir və bu kreditlər banka yaxın olan şəxslərə aid subyektlərə verilib. Bu ilin altı ayında biznes kredit portfelinin həcmində 7,6% artım var və 428,602 milyon manata çatıb.

 

Depozit portfelində artım 

İyunun sonuna “Premium Bank”ın öhdəlikləri 9,4% artaraq 557,454 milyon manata bərabərdir. Artım əsasən depozit portfelinin artımı hesabına baş verib və 9,8% böyüyərək 512,313 milyon manat təşkil edib. Əhalinin əmanətləri 2,7% artaraq 349,781 milyon manat olub. 

“Premium Bank”ın kapitalı 1,8% azalaraq 179,333 milyon manat təşkil edib. Nizamnamə kapitalı isə dəyişməyərək 154,601 milyon manata bərabərdir. Azalma əsasən bölüşdürülməmiş mənfəət həcminin kiçilməsi ilə bağlıdır. 

Mənfəətdə yüksəliş - 65,5 dəfə!

2023-cü ilin I yarısının yekunları üzrə bankın xalis mənfəəti 5,112 milyon manatdır və 2022-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 65,5 dəfə çoxdur. Bankın faiz gəlirləri 16 milyon 53 min manat, faiz-xərcləri 5 milyon 147 min manat, qeyri-faiz gəlirləri 8 milyon 665 min manat, qeyri-faiz xərcləri 14 milyon 751 min manat olub. Mümkün zərərlər üçün ehiyatlardan 291 min manat çıxarılıb və mənfəətə əlavə edilib. 

Qeyd edək ki, “Premium Bank” ASC 2008-ci ildən fəaliyyət göstərir və aktivlərinin həcminə TOP-10 bankların siyahısına daxildir. Bankın səhmdarları 2 fiziki və 1 hüquqi şəxsdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)