Dövlət qulluqçularının minimum maaşlarının müəyyənləşdirilməsi qaydası dəyişir
Dövlət orqanlarında inzibati və yardımçı vəzifə tutan dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasının gündəliyinə daxil edilən “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, inzibati vəzifələrin yeddinci təsnifatı üzrə dövlət qulluqçusunun maaşının məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati vəzifələr üçün müəyyən edilən minimum vəzifə maaşına bərabər tutulur. Yardımçı vəzifələrin dördüncü təsnifatı üzrə dövlət qulluqçusunun maaşının məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə yardımçı vəzifələr üçün müəyyən edilən minimum vəzifə maaşına bərabər tutulur. Dövlət qulluqçuları üçün vəzifə maaşlarına məbləği dövlət qulluğu vəzifələrinin təsnifatına uyğun müəyyən edilir.