Mərkəzi Bank: "Azərbaycanda ev təsərrüfatlarının 82%-i inflyasiya gözləyir"
Azərbaycanda ev təsərrüfatlarının 81,9%-i inflyasiya gözləyir, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
ENA.az xəbər verir ki, məlumata əsasən, 2022-ci ildə pul siyasəti adekvat monetar şərait vasitəsilə inflyasiya təzyiqinin yumşaldılmasına yönəldilib, pul siyasəti ilə məcmu tələbin izafi artımı məhdudlaşdırılıb. Rəsmi statistikaya görə illik inflyasiya 2022-ci ilin noyabrında 15.1% (2022-ci ilin noyabr ayı 2021-ci ilin noyabr ayına nəzərən) təşkil edib, orta illik inflyasiya isə 13.8% olub. Baza inflyasiya1 noyabrda illik 14.7%-ə (baza inflyasiya dedikdə qiymətləri dövlət tərəfindən tənzimlənən malların və xidmətlərin qiymətlərinin dəyişimindən və mövsümi amillərdən təmizlənmiş inflyasiya nəzərdə tutulur-red) çatıb.
2022-ci ildə də inflyasiyanın yüksəlməsinə ərzaq məhsullarının bahalaşması daha çox təsir göstərib. Noyabrda inflyasiya illik əsasda ərzaq məhsulları üzrə 20.1%, qeyri-ərzaq məhsulları üzrə 12.1%, xidmətlər üzrə 10.7% olub.
Təhlillər göstərir ki, qiymət artımının birbaşa və dolayı olaraq əhəmiyyətli hissəsi xarici mənşəli xərc amilləri ilə bağlıdır. İdxal üzrə illik qiymət indeksinin artımı 10 ayda 22.1% olub ki, bu da dünya əmtəə qiymətlərinin və daşınma, logistika xərclərinin yüksəlməsi, tərəfdaşlarda inflyasiya templərinin artması ilə izah edilir. Xüsusilə dünya ərzaq qiymətləri idxal vasitəsilə daxili ərzaq inflyasiyasına ciddi təsir göstərir.
Valyuta bazarında tarazlıq, nominal effektiv məzənnənin bahalaşması və qəbul edilən pul siyasəti qərarlarının təsiri altında formalaşan monetar şərait inflyasiya təzyiqlərini əhəmiyyətli məhdudlaşdırıb. Faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir edib.
"Dekabr ayında aparılan sorğulara görə ev təsərrüfatlarının 81.9%-i inflyasiya gözləyir. O cümlədən respondentlərin 22.4%-i inflyasiya tempinin yüksələcəyini düşünür. Real sektor müəssisələri arasında aparılan monitorinqin nəticələrinə görə isə inflyasiya gözləntiləri 11 ayda orta hesabla ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sənayesində və tikintidə azalmış, ticarət və xidmət sektorunda artıb", - deyə bəyanatda bildirilir.
“Beynəlxalq ekspertlərin fikrincə, yalnız 2024-cü ildə bir çox ölkələrdə inflyasiya səviyyəsi bu ölkələrin Mərkəzi Banklarının proqnozlaşdırdığı dəhlizə qayıdacaq. Dünyadakı hazırkı geosiyasi vəziyyət yüksək qeyri-müəyyənliklə xarakterizə olunur ki, bu da inflyasiya səviyyəsinin proqnoz dəhlizlərindən kənarda qalması riskini özündə saxlayır”, - deyə Mərkəzi Bank vurğulayır.