Sosial iqtisadiyyat

İşləməyən qadınlar kişilərdən cəmi 16% çoxdur

Ötən il Azərbaycanda işsizliyin səviyyəsi qadınlar arasında 58%, kişilər arasında 42% olub.

Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova parlamentin dekabrın 20-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda qanunvericiliyin gender ekspertizasının aparılması qaydasının müəyyən edilməsi və onların icra vəziyyətinin gender bərabərliyi baxımından monitorinqi zəruridir.

Komitə sədrinin sözlərinə görə, ötən il ərzində Dövlət Komitəsinə daxil olmuş vətəndaş müraciətlərinin təhlili ilkin olaraq belə bir təəsürat yaradır ki, ölkə ərazisində cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin ən geniş yayılmış forması məişət zorakılığı olaraq qalıb:

“Lakin məlumdur ki, ayrı-seçkiliyin digər təzahürlərini yaradan mənfi gender steriotipləri kişi və qadınların düşüncə və davranışına təsir etməklə belə halların onlar tərəfindən məhz hüquq pozuntusu kimi qəbul edilməsinə əngəl yaradır və nəticədə müdafiə üçün mövcud imkanlardan istifadə edilmir. Odur ki, ayrı-seçkiliyin bütün formalarının aşkar edilməsi və aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir”.

B.Muradova qeyd edib ki, 2021-ci ildə ölkə üzrə iqtisadi fəal və məşğul əhalinin tərkibində kişilərin sayı qadınların sayına nisbətən çox olub:

“İşsizliyin səviyyəsi qadınlar arasında 58%, kişilər arasında 42% olub. Ötən il kişilərlə qadınların orta aylıq əmək haqqları arasındakı fərq azalıb və paritetə doğru yüksələn dinamika üzrə irəliləyir. Ümumtəhsil məktəblərində şagirdlərin cins bölgüsü arasındakı fərq cəmi 7%-dir. Qadınlar daha çox orta ixtisas təhsilinə, kişilər isə peşəyönumü təhsilə üstünlük verirlər”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)