Sağlamlıq

TƏBİB: "Analizlərin cavabını onlayn əldə edə bilərsiniz"

Artıq pasiyentlər Xidmətlər Zərfinə daxil olan 600-dək laborator xidməti tam şəkildə və analizlərinin nəticələrini onlayn şəkildə əldə edə bilərlər.

Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov "TƏBİB Tibbdə müasir keyfiyyət mərhələsi: real perspektivlər gələcəyə baxış" adlı hesabat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Mərkəzi Laboratoriyanın Biokimya, Hematologiya, Mikrobiologiya və İmmunologiya bölmələri fəaliyyətə başlayıb: "Mərkəzi Laboratoriyanın fəaliyyəti pre-analitik, analitik və post-analitik mərhələnin tələblərinə uyğun olaraq təşkil edilib, bütün mərhələlərdə insan faktorunu və xətaları minimuma endirmək üçün sistem tam avtomatlaşdırılıb. Avtomatlaşdırılmış sistemlərin tətbiqi ilə analiz nəticələrinin hazır olma müddəti dəfələrlə qısalıb, bütün analizatorların “E-Təbib” proqram təminatına, kodlaşdırılmış test nəticələrinin sistemə avtomatik inteqrasiyası təmin edilib".

"Artıq ambulator və stasionar pasiyentlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfinə daxil olan 600-dək laborator xidməti tam şəkildə, ən müasir tələblərə və protokollara uyğun olaraq əldə edə biləcəklər. Pasiyentlər analizlərinin nəticələrini analiz verdikləri tibb müəssisinə gəlməklə, həmçinin müəssisəyə gəlmədən onlayn şəkildə əldə edə bilərlər", - o əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)