Elm və Texnologiya

Visa Azərbaycanda ilk dəfə ictimai nəqliyyatla bağlı tətbiqə başlayır

Visa şirkəti Azərbaycanda ilk dəfə Mobility & Transit Transaction (MTT, “mobillik və tranzit əməliyyatları”) texnologiyasını tətbiq edəcək.

Bu barədə şirkətdən bildirilib. Məlumata görə, bu texnologiya sərnişinin ictimai nəqliyyatda gün ərzində etdiyi bütün gedişləri bir əməliyyatda birləşdirməyə və onu günün sonunda sərnişinin hesabından birdəfəlik silməyə imkan verir. Hazırda bu xidmət ADY-nin Bakı dairəvi dəmir yolunda tətbiq olunur – onun 14 stansiyasının hamısında təmassız oxuyucu cihazları ilə təchiz edilmiş turniketlər quraşdırılıb.

Bildirilib ki, sərnişinlər gediş haqqını bank kartları, eləcə də rəqəmsal pul kisələrinə bağlı olan NFC modullu cihazlar – smartfonlar, ağıllı saatlar və ödəmə üzükləri vasitəsilə ödəyə bilərlər. Visa bu layihəni “Azərbaycan Dəmir Yolları” (ADY), Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Beynəlxalq Bankı, IBA Group, RBC Group və “Azerikard” MMC ilə tərəfdaşlıqda icra edib.

MTT modeli nəqliyyat operatorlarına çevik tarif siyasəti tətbiq edərək qiymətqoymanı çeşidləməyə, o cümlədən sabit tariflər, məsafə və vaxt əsasında tariflər, multimodal (bir neçə nəqliyyat növü üçün) tariflər, eləcə də tarif məhdudiyyətləri, güzəştlər və gecikmə üçün vəsaitin qaytarılması kimi əlavə funksiyalar təklif etməyə imkan verir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)