Azərbaycan Mərkəzi Bankı onlayn növbə sistemi yaradıb
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və onların pozulması hallarının qarşısının alınması məqsədilə davamlı olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir. Bu məqsədlə Mərkəzi Bankın Bakı şəhəri Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında hüquqi və fiziki şəxslərdən daxil olan müraciətlərə yerində baxılması üçün müvafiq xidmət təşkil olunmuş, həmçinin şifahi müraciətlərin davamlı olaraq qəbul edilməsi üçün yaradılmış “966” nömrəli Qaynar xətt fəaliyyət göstərməkdədir. Eyni zamanda, Mərkəzi Bankın inzibati binasında təşkil olunan qəbul otaqlarında vətəndaşların təyin olunan xidmət personalına birbaşa yönləndirilməsi, sorğuya aidiyyəti üzrə baxılması və tələb olunan məlumatların dərhal təqdim edilməsi kimi xidmətlərin daha effektiv təşkili və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə Növbənin İdarəetmə Sistemi yaradılmış və hazırda istifadə olunmaqdadır.
Vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması fonunda inzibati binaya yaxınlaşan vətəndaşların qəbulu zamanı növbələrin Növbənin İdarəetmə Sistemi vasitəsilə tənzimlənməsi ilə yanaşı, növbənin Mərkəzi Bankın inzibati binasına gəlmədən müvafiq internet səhifəsi vasitəsilə onlayn şəkildə əldə edilməsi imkanı yaradılmışdır. Təqdim olunan rəqəmsal xidmətdən faydalanmaq üçün vətəndaşlar Mərkəzi Bankın rəsmi internet səhifəsindəki “Elektron xidmətlər portalı” vasitəsilə və ya https://randevu.e-cbar.az/home səhifəsinə keçid edərək onlayn növbə əldə edə bilərlər.
Onlayn növbənin əldə edilməsi ilə bağlı hər hansı bir sual yarandığı təqdirdə vətəndaşlar Mərkəzi Bankın “966” Qaynar xəttinə müraciət edə bilərlər.
Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması və bu xüsusda müvafiq tədbirlərin həyata keçirilməsi gələcəkdə də Mərkəzi Bankın diqqət mərkəzində saxlanılacaqdır.