Azərbaycanda internetin sürəti artıb
Bu ilin iyun ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 33.64 Mbit/s təşkil edib.
Bu göstərici may ayı ilə müqayisədə 4.5% artıb.
Cari ilin iyununda ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti may ayının göstəricisi ilə müqayisədə 0.3% artaraq 10.07 Mbit/s olub.
Qeyd edək ki, dünya üzrə mobil trafikinin giriş və çıxış sürəti müvafiq olaraq 31.01 Mbit/s və 8.66 Mbit/s təşkil edib. İyun ayının nəticələrinə görə, Azərbaycan bu göstərici üzrə 139 ölkə arasında 3 pillə irəliləyərək 58-ci yerdə qərarlaşıb.
Mobil internet sürətinə görə liderlərin ilk üçlüyünə Norveç (126.96 Mbit/s), BƏƏ (120.37 Mbit/s) və Bolqarıstan (110.61 Mbit/s) daxil olub.
Reytinqə əsasən, bu ilin iyun ayında Azərbaycanda sabit genişzolaqlı internet trafikinin giriş sürəti 22.00 Mbit/s, çıxış sürəti isə 23.66 Mbit/s təşkil edib. May ayı ilə müqayisədə giriş sürəti 4.7%, çıxış sürəti isə 3% artıb.
Bu ilin iyun ayının nəticələrinə görə, sabit internetin sürəti reytinqində Azərbaycan 182 ölkə arasında (may ayında olduğu kimi) 118-ci yerdə qərarlaşıb.
Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkə Çili – 213.73 Mbit/s, Sinqapur – 203.61 Mbit/s və Çin – 188.03 Mbit/s olub.
Bu ilin iyununda qlobal sabit internetin giriş və çıxış trafikinin orta sürəti isə müvafiq olaraq 66.25 Mbit/s və 28.56 Mbit/s təşkil edib.