Birja

Kriptovalyutalarda - KƏSKİN UCUZLAŞMA

ABŞ-ın inflyasiya məlumatlarından sonra Fed-in pul siyasətini daha da sərtləşdirəcəyi (faiz artıracağı) gözləntilərinin güclənməsilə riskli aktivlərdən çıxış kriptovalyutalara mənfi təsir göstərib. Bitcoin-in qiyməti 2020-ci ilin dekabrından bəri ən aşağı səviyyəsinə düşüb.

ENA.az xəbər verir ki, Bitcoin 25 min dollara qədər ucuzlaşıb və 2020-ci ilin dekabrından bəri ən aşağı səviyyəsini test edib. Bitcoin ilə yanaşı, kriptovalyuta bazarının digər mühüm valyutalarında da kəskin ucuzlaşmalar baş verib. Bitcoin son 7 gündə 17%-ə yaxın dəyər itirib.

Ethereum son 7 gündə 30 faiz dəyər itirib. Həftənin ilk əməliyyatlarında Ethereum 1320 dollara qədər ucuzlaşıb. Binance Coin, Cardano və Solana 17 faiz dəyər itirib.

Son zamanlar riskli aktivlər hesab edilən kriptovalyutalar, ABŞ-dakı yüksək inflyasiyanın daha aqressiv sərt pul siyasətinə səbəb olacağı gözləntilərilə ucuzlaşırlar.

ABŞ-da inflyasiya rəqəmlərinin proqnozları aşması, valyuta bazarlarında FED-in növbəti üç iclasının hər birində 0,50 bəndlik faiz artıracağı kimi qiymətləndirilir.

May ayında ölkədə inflyasiya illik 8,6 faizə yüksəlib. Baza inflyasiyası da gözləntiləri üstələyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)