Sağlamlıq

"Meymunçiçəyi" aşkarlanan ölkələrin - ƏN SON SİYAHISI

Avropada, Böyük Britaniyada meymun çiçəyinin arealı genişlənir. Meymun çiçəyi virusu ilə bağlı vəziyyətə nəzarət etmək üçün mütəxəssislərdən ibarət xüsusi əməliyyat qrupları yaradılır. 

Böyük Britaniya

Daha əvvəl yoluxma halları Böyük Britaniyada aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) hələ mayın 7-də daxil olmuş məlumata görə, Nigeriyadan Böyük Britaniyaya gəlmiş bir nəfərdə nadir virus infeksiyası sayılan meymun çiçəyinə yoluxma halı qeydə alınıb.

İtaliya 

Artıq İtaliyanın paytaxtı Romada meymun çiçəyi virusu aşkarlanıb. Virus daşıyan şəxsin İspaniyanın Kanar adalarından Romaya gəldiyi bildirilib.

Səhiyyə Nazirliyi isə bu xəstəliklə bağlı bölgələrdəki yerli səhiyyə orqanlarına xəbərdarlıq məktubu göndərib.

İtaliyanın səhiyyə naziri Roberto Speranza həm milli, həm də Avropa müşahidə şəbəkələri sayəsində məsələyə böyük diqqətlə yanaşdıqlarını deyib.

Avstraliya

Avstraliyanın Yeni Cənubi Uels ştatında meymun çiçəyi virusuna yoluxma faktı aşkarlanıb. Regional səhiyyə nazirliyinin bu gün yaydığı məlumata görə, meymun çiçəyi virusuna yoluxan bir neçə gün bundan əvvəl Avropaya səyahətdən qayıdan vətəndaşdır. Virusa yoluxan 40 yaşlı kişi səhhətindəki problemlərə görə həkimə müraciət edib və nəticədə həkimlər analizlərdən sonra diaqnozu təsdiq ediblər. Xəstə təcrid olunub.

Yeni Cənubi Uels ştatının baş sanitar həkimi xanım Kerri Çant Avstraliya Səhiyyə Nazirliyinin xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə müvafiq tədbirləri gördüyünü qeyd edib. O, bu xəstəliyin əsasən Afrika ölkələrindən qayıdan və ya buradan gətirilmiş ev heyvanlarına malik şəxslərdə müşahidə edildiyini bildirib. Qeyd olunub ki, insanlar həmin xəstəliyin daşıyıcıları ilə sıx ünsiyyətdə olduqda bu xəstəliyə yoluxa bilərlər.

Kerri Çant əlavə edib ki, meymun çiçəyi xəstəliyi çox da ağır keçmir və ona yoluxanlar bir neçə həftə ərzində sağalırlar.

Qeyd edək ki, Mərkəzi və Qərbi Afrikada meymundan insana keçən endemik virusun səbəb olduğu bu nadir xəstəlik Avropada ilk dəfə mayın əvvəlində aşkarlanıb.

Portuqaliya

Portuqaliyada "meymun çiçəyi" xəstəliyinə 5 yoluxma halı aşkarlanıb. Xəstələrin hamısı kişidir və vəziyyətləri stabildir. 

Bununla yanaşı, daha 20 şübhəli hal müəyyən edilib.

İspaniya

İspaniyada 23 potensial xəstə var. İspaniya Səhiyyə Nazirliyi ilkin olaraq ilk yeddi yoluxma halının müəyyən edildiyini təsdiqləyib. 

Fransa

Parisin İl-de-Frans bölgəsində meymun xəstəliyinə yoluxma halı aşkarlanıb.

Bu barədə cümə axşamı Fransa Səhiyyə İdarəsi məlumat yayıb.

Xəstənin kimliyi və yoluxma şəraiti açıqlanmır. Məlumatda xəstənin yüksək hərarətinin olduğunu qeyd edilir.

Fransız həkimlər yoluxmadan şübhələnən hər kəsdən özünü təcrid etməyi xahiş edirlər.

İsveç

İsveçdə ilk dəfə meymun çiçəyinə yoluxan xəstə aşkarlanıb. Ölkənin baş infeksionisti Klara Sonden xəstənin vəziyyətinin yüngül olduğunu bildirib.

“Ciddi deyil, amma tibbi yardım olundu. Onun harda necə yoluxması dəqiq məlum deyil. Hazırda araşdırılma aparılır. Ünsiyyətdə olduğu yaxın adamlar da test ediləcək. Digər yoluxanlar aşkar edilməyib”.

İsveçrə

İsveçrənin Bern kantonunda meymun çiçəyi virusuna ilk yoluxma halı qeydə alınıb.  Ev şəraitində təcrid olunan pasiyentin son günlər ünsiyyətdə olduğu insanlar müəyyənləşdirilir.

Belçika

Belçika hakimiyyəti "meymun çiçəyi" xəstəliyinə yoluxanlar üçün 21 günlük karantin tətbiq etmək qərarına gəlib. Qərar ölkədə risk qiymətləndirmə qrupunun iclasından sonra qəbul edilib.

Qeyd edək ki, zoonoz virus infeksiyası olan meymun çiçəyi təmas və hava-damcı yolu ilə keçir. İnfeksiyanın inkubasiya dövrü adətən 6-13 gün davam edir, lakin bu müddət 21 günə qədər uzana bilər. Xəstəlik adətən yüngül formada keçir və 2-3 həftədən sonra öz-özünə sağalır. Səpmə ağrı və güclü qaşınma ilə müşayiət oluna bilər.

Danimarka

Bildirilir ki, xəstəliyə yoluxan bir kişi hazırda evdə təcrid olunub. Mütəxəssislər ölkədə meymunçiçəyinə başqa yoluxanların olub-olmamasını araşdırır. Yoluxan şəxsdə İspaniyaya səfər etdikdən sonra infeksiyanın əlamətləri yaranıb.

Sloveniya

Sloveniyada da bir gün ara ilə təsdiqlənən hər iki halın İspaniyaya səfərdən geri dönmüş şəxslər olduğu müəyyən edilib. Bu barədə məlumatı İctimai Səhiyyə üzrə Sloveniya Milli İnstitutu yayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)