ABŞ-da beş şirkətdən süni intellekt modellərinin hazırlanmasını dayandırmaq tələb olunur

ABŞ-da beş böyük texnologiya şirkətinə süni intellektlə bağlı iddia qaldırılıb
ABŞ-da süni intellekt texnologiyalarının insanlıq üçün təhlükə yarada biləcəyi və lazımi səviyyədə nəzarət olunmadığı iddiası ilə beş böyük texnologiya şirkətinə qarşı məhkəmə iddiası qaldırılıb.
ENA.az xəbər verir ki, “Alliance for Secure AI” təşkilatının rəhbərlik etdiyi qeyri-hökumət qurumları “Anthropic”, “Google”, “Meta”, “OpenAI” və “SpaceX Super Intelligence” şirkətlərini məhkəməyə verib.
İddiaçılar bildirirlər ki, şirkətlər hazırladıqları süni intellekt sistemlərinin nəzarətdən çıxa biləcəyini bildikləri halda daha güclü modellərin hazırlanmasını davam etdirirlər. Onların fikrincə, bu texnologiyalar insanlıq üçün ciddi risklər yarada bilər.
Qeyri-hökumət təşkilatları məhkəmədən şirkətlərin daha inkişaf etmiş süni intellekt sistemləri üzərində işlərinin dayandırılmasını tələb ediblər.
İddia süni intellektin sürətli inkişafı fonunda texnologiya şirkətlərinin təhlükəsizlik və məsuliyyət məsələləri ilə bağlı müzakirələrin gücləndiyi bir dövrdə qaldırılıb. (Bloomberg HT)











