Əsas məzmuna keç
Bakı +15°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Biznes

Azərbaycanda artıq təkcə ev-eşik deyil, brend və nüfuz da pulla ölçüləcək

Azərbaycanda artıq təkcə ev-eşik deyil, brend və nüfuz da pulla ölçüləcək

Azərbaycanda qiymətləndirmə fəaliyyəti yalnız daşınar və daşınmaz əmlakla məhdudlaşmır. Şirkətlərin brend dəyəri, patentləri, əqli mülkiyyət hüquqları və digər qeyri-maddi aktivləri də iqtisadi dəyəri müəyyənləşdirilən obyektlər sırasındadır.

ENA.az xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədr müavini Ayan Qəmbərova bildirib.

Onun sözlərinə görə, rəqəmsal iqtisadiyyatın inkişafı, biznes modellərinin dəyişməsi və yeni aktiv növlərinin meydana çıxması qiymətləndirmə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsini zəruri edir.

A.Qəmbərova qeyd edib ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunda qiymətləndirmənin doqquz əsas istiqaməti müəyyənləşdirilib. Bunlara daşınar və daşınmaz əmlak, müəssisələr, mədəni sərvətlər, əqli mülkiyyət obyektləri, maliyyə aktivləri və öhdəlikləri, təbii sərvətlər, dəymiş zərər, əldən çıxmış mənfəət, risklər və xidmətlər daxildir.

“Müəssisələrin qiymətləndirilməsi biznesin real dəyərinin müəyyənləşdirilməsi, investisiya qərarlarının qəbulu, birləşmə və satınalma prosesləri üçün vacibdir. Qeyri-maddi aktivlərin qiymətləndirilməsi isə əqli mülkiyyətin, patentlərin, əmtəə nişanlarının, müəlliflik hüquqlarının və digər hüquqların iqtisadi dəyərini müəyyən etməyə imkan yaradır”, – deyə sədr müavini vurğulayıb.

O bildirib ki, maliyyə aktivlərinin, debitor və kreditor borclarının qiymətləndirilməsi müəssisələrin maliyyə vəziyyətinin obyektiv təhlilində mühüm rol oynayır. Dəymiş zərərin, əldən çıxmış mənfəətin və risklərin qiymətləndirilməsi isə məhkəmə mübahisələrinin, sığorta hadisələrinin və iqtisadi münaqişələrin həllində istifadə olunur.

A.Qəmbərovanın sözlərinə görə, qanunvericilik digər qiymətləndirmə obyektlərinin də əhatə olunmasına imkan verir. Bu isə gələcəkdə rəqəmsal aktivlər və yeni iqtisadi münasibətlərlə bağlı əlavə ixtisaslaşma istiqamətlərinin yaranmasına şərait yarada bilər.

Sədr müavini əlavə edib ki, qiymətləndirmə sahəsinin genişlənməsi peşəkar kadr hazırlığını, ixtisaslaşmanı və beynəlxalq standartların tətbiqini daha da aktuallaşdırır.

Mənbə:banker.az

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə