“ASAN Login”də qeydiyyat şərtləri dəyişir - VİDEO
1 may 2022-ci ildən etibarən “ASAN Login” Vahid Giriş Sistemində (//asanlogin.my.gov.az/auth) qeydiyyat yalnız videoqeydiyyatla mümkün olacaq.
Bu barədə "ASAN xidmət"dən ENA.az-a verilən məlumatda bildirilib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə olunan “ASAN Login”də videoqeydiyyat 2021-ci ilin mart ayından etibarən vətəndaşların sərəncamına verilib.
Bu günədək videoqeydiyyat vasitəsilə qeydiyyatdan keçmək üçün vətəndaşlardan 100 mindən çox müraciət daxil olub. Səs və üztanıma kimi süni intellekt texnologiyasına əsaslanan videoqeydiyyat xidməti mobil nömrəsi öz adına olmayan vətəndaşların da “ASAN Login”də qeydiyyatdan keçməsi üçün şərait yaradır.
“ASAN Login”də videoqeydiyyat prosesi 20 saniyə ərzində aparılır. İlk 12 saniyədə vətəndaş üzünü sistemə tanıdır, növbəti 8 saniyədə isə şəxsiyyət vəsiqəsini qaydalara uyğun şəkildə ekranda əks etdirir. Videoqeydiyyat prosesi yekunlaşdıqdan bir və ya bir neçə saat sonra vətəndaşın müraciəti təsdiq edilir.
Hazırda “ASAN Login” Vahid Giriş Sistemində 2,4 milyondan çox vətəndaş qeydiyyatdan keçib. Sistemə 40 qurum və 80 sistem, o cümlədən “myGov”, “ASAN ödəniş”, “e-Agro”, “e-customs”, “Rəqəmsal icra hakimiyyəti”, “Yolumuz Qarabağa”, “Elektron Təhsil Tələbə Krediti”, habelə digər sistem və portallar inteqrasiya edilib.
Yalnız “ASAN Login”də qeydiyyatdan keçməklə, vətəndaş bura inteqrasiya olunan bütün sistem və portallarda göstərilən xidmətlərə vahid məkandan giriş əldə edir. Bu isə müxtəlif portalda hər dəfə qeydiyyatdan keçmə, müxtəlif istifadəçi adı və şifrələri yadda saxlama, unutduqda çətinliklərlə üzləşmə kimi halların qarşısını alır. Nəticədə vətəndaş eyni giriş üsulu ilə bütün dövlət xidmətlərinə rahat və təhlükəsiz giriş əldə edir, vaxtına qənaət etmiş olur.
Əgər “ASAN Login”də hələ də qeydiyyatdan keçməmisizsə //asanlogin.my.gov.az/auth linkinə daxil olaraq videoqeydiyyat bölməsindən qeydiyyatdan keçmək tövsiyə olunur.