Birja

Barrelin 100 dollara qalxması çox da uzaqda deyil - QİYMƏT

Bugün neft qiymətləri yüksəlməyə davam edir. Fevralın 11-də ABŞ hakimiyyətinin Rusiyanın Ukraynaya qaçılmaz müdaxiləsini gözlədiyinə dair xəbərlərin yayılmasından sonra kəskin yüksəliş göstərdi. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan cümə günü bəyanat yayıb ki, Rusiyanın Pekin Olimpiadasının bitməsini gözləmədən Ukraynaya hücum etmək imkanı var.

Bloomberg xəbər verir ki, şənbə günü ABŞ və Rusiya prezidentləri Co Bayden və Vladimir Putin arasında telefon danışığı gərginliyi azaltmağa müvəffəq olmayıb. Rusiya Ukraynaya hücum planlarını inkar edir.

Ekspertlər qorxurlar ki, Moskvaya qarşı yeni sanksiyaların tətbiqi ilə nəticələnəcək Ukraynaya müdaxiləsi qlobal enerji axınını kökündən dəyişəcək.

Londonun ICE Futures birjasında bazar ertəsi saat 9:15-ə Brent markalı neftin aprel fyuçerslərinin dəyəri bir barel üçün 95,6 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 1,16 dollar (1,23%) çoxdur. 

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində mart ayı üçün WTI markalı neftin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 94,51 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 1,41 dollar (1,51%) çoxdur. 

Son bir həftədə Brent 1,3%, WTI 0,9% bahalaşıb.

Oanda analitiki Ed Moya, "Neft bazarı neftin qiymətinin bir barel üçün 100 dollardan yuxarı qalxmasına haqq qazandırmaq üçün əsas katalizatoru gözləyirdi və görünür, Ukrayna ətrafında vəziyyət pisləşir. Əgər Rusiya qoşunlarının hərəkəti təsdiqlənərsə, tədarük vəziyyətinin pisləşməsi gözləntiləri neft qiymətlərinin daha 10% artmasına səbəb ola bilər".

Oversea Chinese Banking Corp.-un iqtisadçısı Hoey Li deyir ki, "barrel üçün 100 dollara qalxmaq çox da uzaqda deyil, tələb hazırkı səviyyədə qalsa belə, təkliflə bağlı narahatlıqlar qiymət artımının əsas amili olacaq". 
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)