Banklardakı pulların 89%-i paytaxt sakinlərinə məxsusdur
1 yanvar 2022-ci il tarixinə Bakı sakinləri banklara 8 mlrd. 217,69 milyon manat əmanət qoyublar. Bu da ötən ilin əvvəlinə olan göstəricidən 12% çoxdur.
Mərkəzi Bankın məlumatına görə, əhalinin bütün bank əmanətlərinin 88,9%-i Bakı sakinlərinin payına düşüb.
2021-ci ildə paytaxtda əhalidən əmanətlər illik orta hesabla 3,27% dərəcə ilə qəbul olunub, respublika üzrə bu göstərici 3,4% təşkil edib.
Ümumilikdə, paytaxt sakinləri xarici valyutada əmanətlərə üstünlük verirlər. Əmanətlərin 4 milyard 563,408 milyon manatı, Bakı üzrə bütün əmanətlərin 55,5%-i dollarla, 3 milyard 654,282 mln. manatı isə milli valyutada olub. Paytaxtda əhalidən xarici valyutada banklar tərəfindən illik orta hesabla 4,94% dərəcə, milli valyutada illik 1,18% dərəcə ilə əmanətlər qəbul olunub.
1 yanvar 2022-ci il tarixinə banklar regionlarda əhalidən 1 milyard 23,773 milyon manat məbləğində əmanətlər cəlb olunub, bu da 2021-ci ilin əvvəlinə olan göstəricidən 21,6% çoxdur.
Regionlarda Abşeron-Xızı iqtisadi rayonun əhalisi pulları banklarda saxlayır. 1 yanvar 2022-ci il tarixinə Abşeron-Xızı iqtisadi rayonunda əhalinin banklarda əmanətləri illik orta hesabla 5,1% dərəcə ilə 304,8 milyon manat təşkil edir.
Gəncə-Daşkəsən iqtisadi rayonun sakinləri 139,682 milyon manatı illik orta hesabla 5,38% dərəcə ilə, Quba-Xaçmaz iqtisadi rayonun sakinləri 82,687 milyon manat məbləğində əmanətlərini - illik 4,71% dərəcə ilə banklara qoyublar.
Qalan əmanətlər digər iqtisadi rayonların sakinlərinin payına düşüb.