Dövlətdən güzəştli kredit alan sahibkarlar monitorinq ediləcək
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) güzəştli kredit verdiyi sahibkarlıq subyektlərinin monitorinqini aparacaq.
ENA.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 19 dekabr 2018-ci il tarixli fərmanına etdiyi dəyişiklikdə öz əksini tapıb.
Dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmanda deyilir ki, AKİA-nın müvəkkil kredit təşkilatları mütəmadi olaraq sahibkarlıq subyektlərinin monitorinqini aparır və Agentliyin müəyyən etdiyi formada ona rüblük hesabat verirlər. Monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, müvəkkil kredit təşkilatı güzəştli kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsinin və ona hesablanmış faiz borcunun vaxtından əvvəl ödənilməsini sahibkarlıq subyektindən tələb etməlidir. Belə sahibkarlıq subyektlərinə növbəti 3 il müddətində Agentliyin vəsaiti hesabına kreditlərin verilməsi qadağan edilir. Sahibkarlıq subyektinin öz öhdəliyini yerinə yetirib-yetirməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı 10 iş günü müddətində məhz bu layihə ilə bağlı kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsini və ona hesablanmış faiz borcunu Agentliyin hesabına köçürməlidir.
Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət məqsədilə Agentlik maliyyələşdirdiyi sahibkarlıq subyektlərində seçmə üsulu ilə müstəqil monitorinqlər apara bilər. Agentliyin apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq, kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsi və ona hesablanmış faiz borcu Agentliyin hesabına köçürülür. Agentliyin yazılı tələbindən sonra müvəkkil kredit təşkilatı 10 iş günü müddətində vəsaitin köçürülməsini təmin etməzsə, cərimə hesablanır. Tələb edilən vəsaitin köçürülməsi 30 iş gününü keçdiyi təqdirdə, Agentlik gecikdirilən məbləğin qaytarılması üçün tədbirlər görür.