Ən bahalı kredit Şirvanda, ən ucuz kredit Naxçıvandadır: Aktiv rayonların siyahısı
Azərbaycanda banklar tərəfindən verilən kreditlərin 81,68%-i və ya 10 milyard 262 milyon 852 min manatı Bakı şəhərinin payına düşüb.
BI xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, 2018-ci ilin dekabr ayının 1-nə ümumilikdə kredit portfelinin həcmi 12 milyard 564 milyon 150 min manat təşkil edib.
İkinci yerdə Aran iqtisadi rayonu qərarlaşıb. 11 ayda bu rayona 572 milyon manat həcmində kredit qoyulub ki, bu da portfeldə 4% pay deməkdir.
Abşeron iqtisadi rayonuna kredit qoyuluşu 510 milyon manat təşjkil edir və bu rayon üçüncüdür. Gəncə-Qazax iqtisadi rayonuna 475 milyon manat, Lənkəran iqtisadi rayonuna 208 milyon manat kredit verilib.
Kredit qoyuluşunun 1,3%-i Quba-Xaçmaz iqtisadi rayonunun payına düşüb. Başqa sözlə, ötən ilin 11 ayında Quba-Xaçmaz iqtisadi rayonuna 163 mln. 871,5 min manatlıq kredit qoyulub.
Kredit qoyuluşunun 1,25%-i Şəki-Zaqatala iqtisadi rayonunun payına düşüb, 157 milyon manat kredit qoyulub. Naxçıvana verilən kreditin həcmi 103 milyon manat olub ki, bu da portfeldə 0,82% çəkiyə malikdir.
Kredit qoyuluşlarının 61 mln. 109 min manatı Dağlıq Şirvan iqtisadi rayonuna, 49 mln. 453,5 min manatı Yuxarı Qarabağ iqtisadi rayonuna, 283 min manatı Kəlbəcər-Laçın iqtisadi rayonuna düşür.
Kreditlərin orta faiz dərəcəsi üzrə ən bahalı kreditlər Dağlıq Şirvan iqtisadi rayonunda qeydə alınıb: 23,9%. Ən aşağı faiz dərəcəsi 9,7% təşkil edib və bu faizlə kredit Naxçıvana verilib.