Neftin qiyməti 84 dollara qədər ucuzlaşıb
Bugün neft qiymətləri düşür, investorlar bu həftənin əvvəlində kotirovkaların davamlı artmasından sonra mənfəət əldə edirlər.
Londonun ICE Futures birjasında cümə günü saat 9:06-a olan Brent markalı neftin mart fyuçerslərinin qiyməti bir barel üçün 84,37 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,1 dollar (0,12%) aşağıdır.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında fevral ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 81,83 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 0,29 dollar (0,35%) aşağıdır.
ABŞ Energetika Nazirliyinin çərşənbə günü dərc etdiyi hesabatda ölkədəki kommersiya neft ehtiyatlarının ötən həftə 4,55 milyon barel azalaraq 413,3 milyon barrelə düşdüyü, 2018-ci ildən bəri ən aşağı səviyyə olduğu göstərilib. Bloomberg-in sorğusuna qatılan ekspertlər ehtiyatların orta hesabla 1,85 milyon barrel azalacağını gözləyirdilər.
NYMEX-də ticarət edilən neftin saxlandığı Kuşinqdəki terminalda ehtiyatlar 2,5 milyon barel, strateji neft ehtiyatında (SPR) 300 min barel azalıb.
Koronavirusun yayılması və ABŞ-ın strateji ehtiyatlarının sərbəst buraxılması ilə bağlı narahatlıqlar fonunda neft qiymətləri ötən ilin sonunda dəyən itkiləri demək olar ki, tam ödəyib.