Bakı Fond Birjası ilə İstanbul Birjası arasında "dual listinq" modeli tətbiq ediləcək
Kapital bazarının infrastrukturunun inkişaf etdirilməsi istiqamətində Türkiyənin mərkəzi depozitarı ilə əlaqələr qurulmuş və növbəti ildən Bakı Fond Birjası ilə İstanbul Birjası arasında "dual listinq" modelinin tətbiq edilməsi nəzərdə tutulur.
ENA.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətini əsas istiqamətləri barədə” bəyanatında qeyd olunur.
Bəyanatda bildirilir ki, kapital bazarının əməliyyat infrastrukturunun təkmilləşdirilməsi, hüquqi çərçivənin beynəlxalq standartlara uyğunlaşdırılması, həmçinin bazarda tələb və təklifin dəstəklənməsi istiqamətində işlər davam etdirilib: "Cari ildə özəl sektorun kapital bazarından maliyyələşmə təşəbbüslərinin və fond birjasında listinqin təşviq edilməsi məqsədilə listinq tələbləri sadələşdirilmiş və investorlar üçün stimullaşdırıcı tarif rejiminin tətbiqinə başlanıb. Kapital bazarında maliyyə vasitəçiliyinin inkişaf etidirilməsi və maliyyə inklüzivliyinin artırılması məqsədilə qiymətli kağızlar bazarında müştəri hesablarının məsafədən açılması və sifarişlərin elektron qaydada təqdim edilməsi imkanları yaradılmış və marja ticarətinə dair tələblər təkmilləşdirilib", - Mərkəzi Bank bildirir.
Həmçinin, capital bazarına dair maliyyə savadlılığının artırılması üzrə bazar iştirakçıları ilə birgə intensiv maarifləndirmə tədbirləri təşkil edilib. 2021-ci ildə korporativ qiymətli kağızların kütləvi təklifi üzrə ümumi məbləği 535 milyon manat olan 20 emissiya prospekti təsdiq edilmiş və cari ilin ilk 11 ayında 505 milyon manat məbləğində korporativ qiymətli kağız fond birjasında yerləşdirilib. Qeyd edilən dövrdə fond birjasında ticarət həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 24,3 %, bu dövrdə repo bazarı isə 3,4 dəfədən çox artıb.