“Pfizer” vaksinini harda pulsuz vurdurmaq olar...
Koronavirusa qarşı vaksin həm özəl klinikalarda, həm də poliklinikalarda vurulur. Hazırda ölkəmizdə ən təlabatlı peyvənd "Pfizer”dir. Belə ki, "Pfizer” vaksini Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) siyahısında və beynəlxalq protokollarda təsdiqlənən peyvənd olduğundan, xaricə üz tutan və ölkəmizə gələn vətəndaşlar da ona təlabatı artırır.
Səhiyyə Nazirliyinin məlumatına görə, ölkəmizdə peyvəndləmə ödənişsiz və könüllü əsaslarla həyata keçirilir.
Nazirliyin məlumatına görə, “Pfizer” vaksinini Bakı Sağlamlıq Mərkəzində və Zərifə Əliyeva 5 ünvanında yerləşən Mərkəzi Klinik Xəstəxanasının ambulatoriyası ilə yanaşı, həmçinin "Leyla Medical Center"də, "Caspian İnternational Hospital"da və M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında pulsuz vurdurmaq olar.
Özəl klinikalara vaksin üçün müraciət edən vətəndaşların peyvəndlənməsi həmin müəssisələrin daxili qaydalara uyğun olaraq aparılır. 18 yaşından yuxarı olan və əks göstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər.
Bunun üçün https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir. Bunun üçün “COVID-19 vaksin randevu” elektron xidmətində vətəndaş ilk olaraq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib “Yoxla” düyməsinə basmalıdır. Bundan sonra, vətəndaş təqdim olunan siyahıdan peyvənd məntəqəsini, randevu tarixini və saatını seçib, mobil nömrəsini daxil etməlidir.
Qeydiyyat başa çatdıqdan sonra daxil edilən mobil nömrəyə növbənin qeydə alınması ilə bağlı mesaj göndərilir. Mesajda birinci dozanın vurulacağı tarix, saat və məkan qeyd edilir. Peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki ilkin müraciət zamanı artıq ikinci doza üçün də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir.