MALİYYƏ

Azərbaycandakı əlavə pul kütləsi valyuta alışına yönələ və devalvasiya təhlükəsi yarada bilərmi? Müsahibimiz Rövşən Ağayevdir.

- Rövşən müəllim, Azərbaycan Mərkəzi Bankı (AMB) bir neçə gün əvvəl uçot faiz dərəcəsini 0,5%, dəhlizin yuxarı həddini 1% qaldırdı və Elman Rüstəmov devalvasiya ilə bağlı açıqlamasında buna heç bir fundamental əsas olmadığını bildirdi. Eyni zamanda qeyd etdi ki, ilin sonuna yaxın dövriyyədən manat kütləsinin yığılmasına başlanılacaq. Bu cür ehtiyatlı “addımlar”ın səbəblərdən biri Sizcə artan inflyasiya ola bilərmi?

- Bu ehtiyatlı yanaşmanı yaradan inflyasiyadan çox, xarici faktorlardır. Çünki enerji bazarında olan proseslər heç bir proqnoza uyğun gəlmir və açığı, proqnozlaşdırıla bilən vəziyyət deyil. Bir neçə gün əvvəl Rusiyanın çox nüfuzlu ekspertlərindən olan Anatoli Çubays belə bir ifadə işlətdi ki, neft-qaz ölkələri çox da sevinməsinlər, bu sevinc uzun çəkməyə bilər. Bilirsiniz ki, manatın taleyi dünya bazarında neftin qiymətindən bilavasitə asılıdır və qiymət faktoru çox qısa müddətdə bizə təsir edir. Xatırlayırsınızsa, 2014-cü ilin sonlarında neft bazarında təlatümlər başladı və 2015-ci ilin ilk aylarındaca Azərbaycana təsirini göstərdi və Mərkəzi Bankın ehtiyatları əriməyə başladı. Ona görə də Mərkəzi Bank sədrinin ehtiyatlı çıxışını başa düşürəm. Yaxın müddət üçün təzyiq olmadığını deyir, haqlıdır, çünki tədiyyə balansında profisit var. Çıxışlarımda dəfələrlə demişəm ki, tədiyyə balansında profisit varsa, ölkədə devalvasiya görünmür. Düzdür, dövlət məqsədli şəkildə devalvasiya edə bilər, ancaq bu, daha rahat bir vaxtda olur ki, iqtisadiyyatı, ixracı  stimullaşdırmaq məqsədi həyata keçirilsin. Amma ölkəmizdə qeyrineft ixrac potensialı yoxdur. Məncə inflyasiya qorxusundan çox, geosiyasi anlamda baş verə biləcək iqtisadi prosesləri proqnozlaşdıra bilmədiklərindən ehtiyatlanırlar.  

 

- Dövriyyədə pul kütləsi 9%dən çox artıb və ilin sonuna yaxın daha da yüksələcək. İnflyasiyanın təsiri altında pul kütləsi artırsa, yaranan əlavə pul kütləsi valyuta alışına yönələ və bu da öz növbəsində devalvasiya təhlükəsi yarada bilərmi?  

- Nəzərə alın ki, inflyasiya baş verirsə, məhsul və xidmətlərin dəyəri artır. Deyək ki, dünən vətəndaş ərzaq səbətini 100 manata alırdısa, buğun 110 manata alır. Yəni öz ehtiyaclarının ödəməyə daha çox vəsait xərcləməyə başlayır, yəni sərbəst vəsait toplanmır (Mərkəzi Bank sədri də çıxışında əhalinin ötən il ajiotaj zamanı aldığı valyutanı buğun banklara geri satdığını qeyd etmişdi - red).  Ona görə də inflyasiya ilə devalvasiya arasında əlaqəni axtarmaq çətin olar. Ölkə daxilində böyük yığımlar yoxdur, çünki inflyasiya buna imkan vermir, əksinə yığımlar mənfiyə keçir. Ev təsərrüfatlarının yığımları o zaman mənfiyə keçir ki, ev təsərrüfatının cari gəlirləri cari xərclərini örtmür. Bu zaman onlar yığımlardan istifadə edərək, ya da borc alaraq həmin kəsirləri bağlayırlar. Hətta valyuta yığımlarını belə xərcləməyə başlayıblar. Yəni yığımların artması yox, əksinə azalması var və ölkədən çıxan vəsait ölkəyə daxil olan vəsaiti üstələmir, bu isə o deməkdir ki, devalvasiya üçün fundamental əsaslar yoxdur.

 

- Yaxın dövr üçün neftin qiymətləri də ölkəmiz üçün komfort zona vəd edir...

- Neft bazarı haqqında ən peşəkar mərkəzlər belə ehtiyatlı açıqlamalar verirlər. Bu gün istənilən informasiya bazara təsir göstərə bilər. Məsələn, İranın Qərblə danışıqları haqqında ən kiçik informasiya belə bazara təsir edir.

 

- 2022-ci ildə Dövlət Neft Fondundan büdcəyə köçürülən vəsaitin həcmi 12,71 milyard manat təşkil edəcək və 2021-i ildə bu 12, 20 milyard, 2019-cu ildə isə 11, 36 milyard manat idi. Düzdür, Qarabağın yenidənqurulması gedir, böyük layihələr icra olunur. Bu artımı necə qiymətləndirirsiniz?

- Fondun vəsaitləri ilə büdcə arasında qızıl qayda tətbiq edilməlidir. Baxın indi, Qarabağda böyük işlər görülür, amma 2019-cu ildə də artım vardı. Bu, iqtisadiyyatın perspektiv inkişafına ciddi zərbə vurur. Çünki hökumət qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi çalışmalıdır. Düzdür, rəsmilər bəyan edirlər ki, inkişaf var, ancaq həmişə bir arxayınçılıq yaradır ki, onsuz da əlimizin altında pul var, istədiyimiz vaxt xərcləyə bilirik. Bu baxımdan limitli xərclənmə olmalıdır. Bizim iki təklifimiz vardı. Birincisi, Neft Fondunun gəlirlərinin istifadəsi büdcə gəlirlərinin şərti olaraq 30%-ni ötməməlidir. Amma bizdə 45-55% arasında dəyişir. İkinci variant isə odur ki, hökumət Neft Fondunun gəlirlərinin illik xərclənməsinə limit qoyur. Tutaq ki, cari qazancının heç bir halda 50%-dən çoxunun büdcəyə transferti yolverilməzdir. Rusiyada isə belə bir qayda var ki, neftin qiyməti  40 dollar həcmində götürülübsə, 40 dollarlıq hissə toxunulmazdır, yalnız bundan yuxarı satılan hissə istifadə oluna bilər. Gələnilki artımla bağlı hökumətin arqumenti belədir ki, pandemiya ilə bağlı iqtisadiyyatın potensialı tükənib və bu daha çox sosial məcburi addım kimi qiymətləndirilir. Bu cür qəbul etməyə məcburuq, ancaq dediyim kimi, xərclərə mütləq qızıl qayda tətbiq edilməlidir.   

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)