ÜST koronavirusun mənşəyi ilə bağlı araşdırmaları bərpa edir
Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun mənşəyi ilə bağlı araşdırmalarını davam etdirəcək.
ENA.az xəbər verir ki, bu məqsədlə laboratoriya təhlükəsizliyi və biomühafizə, genetika və təbiətdə virusların yayılması üzrə ixtisaslaşan mütəxəssislərdən ibarət yeni komanda yaradılacaq.
Vaşinqton və onun müttəfiqləri fəal şəkildə istintaqı davam etdirməyə çağırır. Yeni komanda koronavirusun pandemiyanın başladığı Uhan laboratoriyasında yarandığını araşdırmaqla məşğul olacaq. ÜST-yə görə, araşdırma bir qədər uzanacaq, çünki koronavirusun erkən qurbanlarının qan nümunələri yararsız hala düşə bilər.
Yanvarın 14-ü ÜST-nin ekspert qrupu bu xəstəliyin ortaya çıxmasını araşdırmaq üçün Çinə yollanıb. İstintaq müxtəlif ölkələrdən olan mütəxəssislər və Çin alimləri ilə birgə aparılıb. Bu ilin mart ayında ÜST COVID-19-un baş verməsi ilə bağlı yeni hesabat dərc edib. Hesabatda koronavirusun yayılmasının dörd versiyası göstərilir. Qeyd edək ki, müəlliflər koronavirusun vasitəçi heyvandan insana keçməsi versiyasını daha inandırıcı hesab edirlər.
Daha sonra ÜST-nin rəhbəri Tedros Adan Gebreyesus təşkilatın koronavirusun ortaya çıxması ilə bağlı araşdırmaların ikinci mərhələdə olduğunu və Çin hökumətindən şəffaflıq gözləndiyini etiraf edib. O, koronavirusun Çindəki laboratoriyadan sızdığını istisna etmədiyini və ölkəni əməkdaşlığa çağırdığını bildirib.