Koronavirus olub testdən keçməyənlərin pasport işi necə olacaq?
Tanınmış jurnalist Səadət Məmmədova koronavirusu keçirib müvafiq qurumun sisteminə adı düşməyən insanların vaksin vurdurmaqla bağlı problemindən yazıb.
“ENA” xəbər verir ki, jurnalist bildirib ki, COVID əleyhinə vaksin dövriyyəyə buraxılanda deyildi ki, koronavirusa yoluxmuş şəxslərə 6 aydan sonra peyvənd vurulmalıdır. İndi də COVID-19 pasportu zərurəti yaranıb.
“Bu pasport yalnız peyvənd vurduranlara və koronavirusa yoluxub TƏBİB-in sisteminə qeydiyyata düşənlərə verilir. Axı çox adam virusa yoluxub, simptomsuz və ya yüngül keçirib. Qızdırması olmadığına və ya 38-dən aşağı olduğuna görə təcili yardım və ya poliklinika ondan analiz götürməyib. Hamımız bilirik ki, təcili yardım ancaq qızdırması 38-dən yuxarı olanlardan gəlib yaxma götürürdü. Əgər sən xəstəliyi yüngül və ya simptomsuz keçirirsənsə, virusa yoluxub- yoluxmadığını bilmək üçün mütləq özəl laboratoriyada pullu test verməlisən. Bunun da qiyməti 90 manatdan başlayır. Axı hamının bu testi vermək imkanı yoxdur.
Kimlərinsə xəstəliyi yüngül keçirdiyi üçün və testə verməyə əlavə pulu olmadığı üçün TƏBİB sistemindən kənar qalması onun problemi hesab olunmamalıdır. TƏBİB və Səhiyyə Nazirliyi işini elə qurmalı idi ki, hamıdan test götürülsün, təkcə qızdırması 38-dən yuxarı olanlardan yox.
İndi belə vəziyyət yaranıb ki, immun analizi verib xəstəliyi keçirdiyini sübut edən sənəd təqdim edəndə həmin sistemə daxil etmirlər. Nəticədə pasportsuz qalırsan”.
S. Məmmədova vurğulayıb ki, bu kimi hallarda işlərini itirməmək üçün vaksin vurduran şəxslərdə problem yaranarsa, məsuliyyəti kimin daşıması sual altında qalır:
“İnsan 2 ay əvvəl yüngül formada xəstəlik keçirib, amma test götürülmədiyi üçün rəsmi orqanın sisteminə düşməyib, indi iş yeri ondan pasport tələb edir. Bu adam da xəstəliyi təzə keçirdiyinə görə vaksin vurdurmağa qorxur. Dünən TƏBİB rəsmisi Vasif doktor dedi ki, immun analizi ilə pasport verilməyəcək. Bəs bu adamlar (onların sayı çoxdur) nə etməlidir? İşlərini itirməmək üçün vaksin vurdurmaq məcburiyyətindədirlər. Onlara 6 aydan tez vurulacaq vaksin problem yaradarsa, məsuliyyəti kim daşıyacaq? Məncə, bu kateqoriyadan olan insanlarla bağlı hər hansı bir qərar qəbul edilməlidir”.
S. Məmmədovanın sözügedən statusuna cavab olaraq TƏBİB-in mətbuat katibi Elnarə Baxışova bildirib ki, antitel olduğu təqdirdə vaksinin vurulması tibbi cəhətdən əks göstəriş hesab edilmir: “Yəni, narahatlığa əsas yoxdur”.
TƏBİB rəsmisi, həmçinin qeyd edib ki, bu məsələ ilə bağlı qərarlar TƏBİB tərəfindən verilmir.