“PAŞA Bank” bu prudensial normanı pozub: hesabat
Hər bir bankın vəziyyətini göstərən ilkin məlumatlar onun prudensial normalara uyğun olub-olmamasında öz əksini tapır. Bu mənada “PAŞA Bank”ın 2021-ci ilin yanvar-mart ayları üzrə hesabatı maraqlıdır.
Göstəricilər prudensial normalara uyğundurmu?
Ən başlıca göstəricilərdən biri ani likvidlik əmsalıdır, çünki əgər bank hansısa təhlükə ilə üzləşərsə müştərilərin vəsaitini qaytarmaq imkanı varmı, sualına cavabdır. Təqdim edilən rəqəmlər göstərir ki, bu min. 30%-ə qarşı 70.39% təşkil edir.
Banka aidiyyəti olan şəxslərə və onların adından hərəkət edən şəxslərə verilmiş kreditin maksimum məbləğinin cəminin bankın məcmu kapitalına nisbəti maksimum 20% təşkil etməli olduğu halda, “PAŞA Bank” birinci rübdə bu normanı pozub. Banka bağlılığı olan şəxslərin aldığı kreditin həcmi prudensial normadan çox - 40.57% təşkil edib. Əlaqədar şəxslərlə bağlanan əqdlərin həcmi 159 milyon 506 min manatdır. Bu göstərici xüsusən hüquqi şəxs kateqoriyasında minimum 10%-ə qarşı 20.75% olub.
Bankın pulundan düzgün istifadə etdiyini və nəticədə gəlirliliyini göstərən əmsal minimum 11%-ə qarşı 14.79%-dir. Digər dövrlər üzrə məlumatlara baxsaq, gəlirliliklə bağlı ciddi bir dəyişiklik yoxdur və bank sabit göstərici nümayiş etdirir. Eyni zamanda 50 milyon manat kapital tələbi üzrə “PAŞA Bank”ın göstəriciləri 7,8 dəfə çox – 393 milyon 206 min manatdır.
Banklararası bazarda iştirakı 183 dəfə artıb
Bankın aktivləri 2,8% artaraq 5 milyard 669,083 milyon manata çatıb. Aktivlərin tərkibində ən böyük pay kredit portfelidir - 2 milyard 196,616 milyon manat. Ötən üç ayda bu göstərici 4,8% yüksəlib. Bank həmçinin nağd vəsaitlərinin həcmini azaldaraq Mərkəzi Bankdakı müxbir hesabını və Nostro hesabını artırıb. Aktivlərdə ikinci ən böyük pay – 1 milyard 618 milyon 414 min manat həcmində qiymətli kağızlardır.
Mərkəzi Bankın qarşısına qoyduğu mühüm vəzifələrdən biri - banklararası bazarın inkişafı ilə bağlı müsbət tendensiya “PAŞA Bank”ın hesabatında da öz əksini tapıb. 2020-ci ilin birinci yarısında banklararası bazarın qısamüddətli maliyyə alətləri 2 milyon 574 min manat olmuşdusa, 2021-ci ilin birinci rübündə 366 milyon 692 min manata yüksəlib.
Kapitalı artıb
Hesabat rübünün sonuna “PAŞA Bank”ın öhdəlikləri 2,7% artaraq 5 milyard 105,41 milyon manata bərabərdir. Martın sonuna bankda depozitlərin həcmi 4,8% artaraq 4 milyard 206,008 milyon manata çatıb. Bankların və digər maliyyə qurumlarının bankdakı depozitləri 266 milyon 200 min manat, maliyyə institutlarının kreditləri 309 milyon 306 min manat təşkil edir.
Mart ayının sonuna bankın kapitalı 4,2% artaraq 563 milyon 673 min manatdır. Nizamnamə kapitalı 354 milyon 512 min manat, bölüşdürülməmiş xalis mənfəəti isə 162 milyon 893 min manatdır.
Xalis mənfəəti 5,4 dəfə artıb
“PAŞA Bank” I rübü 18 milyon 786 min manat məbləğində xalis mənfəətlə başa vurub və bu 2020-ci ilin I rübü ilə müqayisədə 5,4 dəfə artım deməkdir.
Yanvar-mart aylarında “PAŞA Bank”ın gəlirləri 86,94 milyon manat (illik müqayisədə 13,3% çox), xərcləri 49,782 milyon manat (2,5% az), xüsusi ehtiyatlara ayırmaları 12,222 milyon manat (38,8% az), mənfəət vergisi ödəmələri isə 6,15 milyon manat (2,8 dəfə çox) təşkil edib.
Xatırladaq ki, “PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərinin həcminə görə Azərbaycanın ikinci aparıcı bankıdır. Bankın səhmdarları 2 hüquqi (“PAŞA Holdinq” - 56,82%, "Ador" MMC - 28,18%) və 1 fiziki şəxsdir (Arif Paşayev – 15%). Bank “PAŞA Holdinq”in strukturuna daxildir.