Sağlamlıq

İcbari tibbi sığorta haqqında bunları bilmək vacibdir

Bu il aprelin 1-dən etibarən bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Artıq digər şəhər və rayonlarla yanaşı, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali də icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2 550 sayda tibbi xidmətdən istifadə etmək imkanı qazanıb.

“ENA” xəbər verir ki, icbari tibbi sığorta sistemi ölkəmiz üçün yeni olduğundan, təbii olaraq, bir çox məqamlar, xüsusən də icbari tibbi sığorta haqlarının ödənilməsi ilə bağlı məsələlər vətəndaşlar üçün maraq doğurur.

Məlum olduğu kimi, ölkədə icbari tibbi sığorta haqlarının yığımına 1 yanvar 2021-ci il tarixindən başlanılıb. Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2019-cu il tarixli Fərmanı ilə icbari tibbi sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət vergi orqanlarına həvalə edilib. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 dekabr 2020-ci il tarixli Qərarı ilə isə “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli Qərara dəyişiklik edilərək icbari tibbi sığorta haqlarının yeni büdcə təsnifatı kodları təsdiq edilib.

İcbari tibbi sığorta haqlarının yığımını həyata keçirən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin idarə rəisi Nigar Vahabzadə "Report"a bildirib ki, artıq 3 aydır hüquqi və fiziki şəxslər tərəfindən icbari tibbi sığorta haqları ödənilir. İcbari tibbi sığorta haqları aylıq ödənişdir və növbəti ayın 15-dək ödənilməlidir.

İcbari tibbi sığorta haqlarını kimlər və hansı məbləğdə ödəməlidir?

Qanunvericiliyə əsasən, muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə – sığortalı tərəfindən işçinin əməkhaqqının 8 000 manatadək olan hissəsindən 2 faiz, 8 000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8 000 manatadək olan hissəsindən 2 faiz, 8 000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı ödənilir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) sığortalı qismində özləri çıxış edirlər və onlar üzrə minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta haqqı ödənilir.

Mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə gəlincə, onlara münasibətdə sığortalı qismində bu şəxsləri işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər çıxış edirlər və həmin sığortaolunanlar üzrə – gəlirlərinin 8000 manatadək olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında ödəniş müəyyənləşdirilib.

Yanacaq məhsullarının idxalı və istehsalı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə 0,02 manat məbləğində ödəniş nəzərdə tutulub.

Aksizli məhsulların idxalı və istehsalı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,2 manatı, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,05 manatı, siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1 000 ədədinə görə tətbiq edilən aksiz dərəcəsinin 1,5 manatı və energetik içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,1 manatı icbari tibbi sığorta haqqı şəklində icbari tibbi sığorta fonduna ödənilməlidir.

Güzəştlər də var

N.Vahabzadə bildirib ki, qeyri-dövlət və qeyri-neft sektorunda əmək müqaviləsi əsasında çalışan şəxslər üçün qanunda 2022-ci il yanvarın 1-dək 1 il müddətinə 50 faiz güzəşt nəzərdə tutulub. Belə ki, həmin şəxslər tərəfindən əmək haqqının 8 000 manatadək olan hissəsinin 2 faizi yox, 1 faizi ödənilir.

Vahid bəyannamədə əlavə hissə aktivləşdirilib

Ödənilən icbari tibbi sığorta haqları barədə məlumatlar artıq hər bir vergi ödəyicisinin şəxsi hesab vərəqəsində əks olunur. Vergi ödəyicisi ödənilmiş bütün icbari tibbi sığorta haqları barədə məlumatları rübdə bir dəfə bəyannamə şəklində dövlət vergi orqanlarına təqdim etməlidir. N.Vahabzadə bu məqama toxunaraq bildirib ki, bu günə qədər təqdim olunan vahid bəyannamədə artıq əlavə hissə aktivləşib: “Gəlir vergisi, məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta haqları ilə yanaşı, icbari tibbi sığorta haqları barədə də məlumat rüblük təqdim edilməlidir. Bununla bağlı proqram təminatı artıq hazırdır, 1 apreldən istifadəyə veriləcək və ödəyicilər bu ilin 1-ci rübü üzrə ödədikləri icbari tibbi sığorta haqları barədə məlumatları bəyannamə şəklində təqdim etməlidirlər”.

İcbari tibbi sığorta üzrə sığorta haqqına cəlb olunma halları

Əksər vətəndaşları maraqlandıran məqamlardan biri də istifadə edilməmiş əmək məzuniyyətinə görə işçiyə ödənilən kompensasiya məbləğlərinin icbari tibbi sığorta üzrə sığorta haqqına cəlb olunub-olunmamasıdır. N.Vahabzadənin sözlərinə görə, istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada işçiyə ödənilən kompensasiya məbləğləri icbari tibbi sığorta üzrə sığorta haqqına cəlb olunur. Bu zaman istifadə olunmamış əmək məzuniyyətinə görə işçiyə ödənilən kompensasiya haqqı əmək haqqına əlavə edilmədən ayrılıqda icbari tibbi sığorta üzrə sığorta haqlarına cəlb edilir. Həmçinin, cari iş ilində ödənilən məzuniyyət haqqı həmin ay üçün hesablanan əmək haqqı məbləği ilə cəmlənməklə icbari tibbi sığorta üzrə sığorta haqqına cəlb olunur. Əmək məzuniyyətinin günləri müxtəlif aylara təsadüf etdiyi halda məzuniyyət haqqının hər aya düşən hissəsi həmin aylar üçün hesablanan əmək haqqı məbləği ilə cəmlənməklə ayrılıqda hər bir ayın gəlirlərinə aid edilməklə icbari tibbi sığorta üzrə sığorta haqqına cəlb olunur.

Əmək haqqının tərkibinə daxil olmayan ödənişlərə gəldikdə isə N.Vahabzadə bildirib ki, işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial və kompensasiya xarakterli ödənişlər icbari tibbi sığorta üzrə sığorta haqlarına cəlb edilmir. Bundan əlavə, sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinətlər, Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada işəgötürən tərəfindən ödənilən müavinətlər, Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına verilən dövlət təqaüdləri və dövlət müavinətləri, habelə işçilərə əsas məzuniyyətə çıxarkən ildə bir dəfə bir aylıq əmək haqqı məbləğində ödənilən müavinətlər icbari tibbi sığorta üzrə sığorta haqlarına cəlb edilmir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department