Vahid Əhmədov: Səhiyyə Nazirliyi və TƏBİB-in ayrılığı ciddi problemlər yaradıb
Səhiyyə Nazirliyi olduğu halda başqa digər bir təşkilatın - TƏBİB adlı qurumun yaradılması səhiyyə sahəsinin parçalanmasına və çox ciddi problemlərin yaranmasına gətirib çıxarıb.
Bunu açıqlamasında sabiq deputat, iqtisadçı Vahid Əhmədov bildirib.
"O vaxt Milli Məclisdə də mən bunun əleyhinə olmuşam. Ümumiyyətlə, səhiyyə sisteminin parçalanmasını qəbul etmirəm. Yəni Səhiyyə Nazirliyi ola-ola, TƏBİB adlı digər bir təşkilatın da yaradılması səhiyyənin parçalanmasına və bu sahədə çox ciddi problemlərin yaranmasına gətirib çıxarır. Səhiyyə sistemində və TƏBİB-də gedən islahatları düzgün hesab etmirəm. Hesab edirəm ki, səhiyyə sistemi yenə vahid olmalıdır. Yəni hamısı Səhiyyə Nazirliyinə tabe olmalıdır. O cümlədən İcbari Tibbi Sığorta da səhiyyə sisteminin tərkibində, yaxud ayrıca fəaliyyət göstərə bilər. Amma səhiyyə sisteminin ümumilikdə strukturunun təkmilləşdirilməsinə çox böyük ehtiyac var”.


















