Sağlamlıq

Nazir müavini: “”AstraZeneca” və “Pfizer” vaksinlərinin saxlanılması üçün lazımi şərait yaradılıb”

“Azərbaycana gətiriləcək “AstraZeneca” (Vaxzevria) və “Pfizer-BioNTech” vaksinlərinin saxlanılması üçün lazımi şərait yaradılıb”.

Bunu səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

O bildirib ki, peyvənd gələndə üzərində sənədi olur: “Sənəddə vaksinin hansı temperaturda, hansı şəraitdə saxlanılması göstərilir. Bunu istehsalçı bəyan edir. “AstraZeneca” 2-8 dərəcə temperaturda saxlanılır. “Pfizer-BioNTech” vaksinlərinin saxlanması daha çətindir”.

V.Qasımovun sözlərinə görə, peyvəndin istifadəsi ilə bağlı göstərişləri tibb işçiləri bilir: “Peyvənd məntəqəsində işləyənlər təlim keçiblər və vaksinlərdən istifadə qaydasını bilirlər”.

Nazir müavini qeyd edib ki, gətiriləcək vaksinlərin vurulması üçün xüsusi məntəqənin ayrılması üçün məsələ hələlik həll olunmayıb.

Məlumata əsasən, aprelin 5-də ilkin mərhələdə Koreyadan “AztraZeneca” şirkətinə məxsus 84 000 doza COVID-19 vaksin dərman vasitəsi Azərbaycana göndəriləcək. Vaksinin təqribən 5-6 gün ərzində ölkəyə gətirilməsi təmin olunacaq. Eləcə də 8 həftə ərzində Azərbaycana 218 790 doza “Pfizer-BioNTech” vaksinləri ayrılacaq.

Qeyd edək ki, “AstraZeneca” +2-8, “Pfizer” -70 dərəcə temperaturda saxlanılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)