Sağlamlıq

“Qarşıdakı 2 həftə ərzində yoluxma sürətlə artacaq” - MÜSAHİBƏ

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İşçi qrupunun üzvü, həkim-infeksionist Nilufər Məmmədova Azərbaycanda COVID-19-la bağlı son vəziyyət, yoluxma sayındakı artımla bağlı sualları cavablandırıb.

- Doktor, nəzərə alsaq ki, son günlər Azərbaycanda yoluxma sayında artım yüksələn xətt üzrə davam edir, siz həkim olaraq, vəziyyəti necə dəyərləndirirsiniz?
 

- Bir mütəxəssis olaraq düşünürəm ki, COVID-19-a yoluxma halları rəsmi açıqlanan rəqəmlərdən yüksəkdir. Rəqəmlərin yüksək olmasının səbəbi, əhalinin bəzi hissəsisənin hələ də bu virusu qəbul etməməsidir. Belə ki, insanların çoxu özlərində hiss etdikləri sipmtomları soyuqdəymə, mövsümü xəstəliklərlə əlaqələndirdikləri üçün test vermir. Nəticə etibarilə hazırkı rəqəmlər reallığı əks etdirmir. İnsanların çoxu xəstəliyi evdə müalicə ilə sağaltmağa çalışır. Həkim və xəstəxanlara müraciət boğulma, təngnəfəslik həddinə çatanda edilir. Kritik vəziyyətdə xəstəxanaya qəbul edilən xəstələrin həyatını xilas etmək də çox çətinləşir. Nəzərə alsaq ki, COVID-19-a yoluxduğunun fərqində olmayan, özündəki halı adi soyuqdəymə kimi qiymətləndirənlər işə gedir, ictimai nəqliyatdan istifadə edir, digər insanlarla ünsiyyətdə olurlar, nəticədə xəstəlik daha çox yayılır. Hətta bəzi xəstələr koronavirus olduğuna əmin olsa da, test vermir ki, evdən çıxmaq qadağası yaşamasın. Çünki COVID-19 diqnozu təsdiqlənmiş xəstələrə evdən çıxmaq qadağan olunur.


- Xüsusilə bayram günlərində vətəndaşların evdə olduğu, ictimai nəqliyyatın işləmədiyi, vaksinasiyanın tam sürətlə getdiyi bir vaxtda yoluxmadakı artım nəylə bağlıdır?
 

- Baxmayaraq ki, bayramda insanlar evdə idi, ictimai nəqliyyatdan istifadə olunmurdu, amma rayonlara kütləvi axın müşahidə edilirdi. Hətta kütləvi toplanmalar, gizli və aşkar şəkildə məclislərin təşkili virusun  yayılmasında çox böyük rol oynadı. Vaksinasiya hər nə qədər sürətlə getsə də, əhalinin peyvənd olunmalı hissəsinin 50 faizi vaksini qəbul etməyib. Vaksinasiya ən azı əhalinin 50-60 faizinə tətbiq edilməlidir ki, yoluxsalar da, ağırlaşma ilə müraciət edənlər az olsun.


- Artım tempinə “Britaniya ştammı”nın təsiri varmı?
 

- “Britaniya ştammı” digər ştamlardan fərqli olaraq, daha sürətlə yayılır. Dəfələrlə dediyimiz kimi, yoluxduruculuğu daha yüksəkdir. Bu ştamm üzərindən ciddi araşdırma aparılarsa, o halda dəqiq məlumat demək mümkündür ki, artan xəstəlik “Britaniya ştammı” hesabınadır, yoxsa digər ştamlar hesabına.

 

- Bayramdan sorna iş yerlərində fəaliyyət, məktəblərdə əyani tədris bərpa olunub. İctimai nəqliyyatda sıxlıq yox, xaos yaşanır. Əksəriyyət isə hələ də vətəndaşları məsuliyyətsizlikdə günahlandırır. Qarşıdakı günlərdə artım istisna edilmir. Artım bu cür davam edərsə, çıxış yolunu nədə görürsünüz, qapanma, yoxsa vaksinləşmənin daha da sürətlənməsində?


- Daxil olan müraciətlərdən bəlli olur ki, qarşıdakı 2 həftə ərzində yoluxma sürətlə artacaq. İctimai nəqliyyatdakı sıxlığın səbəblərindən biri də təhsil müəssisələrində tədrisin davam etməsidir. Düşünürəm ki, artım davam edərsə və rəqəmlər yüksək həddə çatarsa, hansı ki, o həddə klinikaların ağır xəstələri qəbul etməsində problem yaranacaq. Yoluxma sayının artması, ağır xəstələrin artımına səbəb olacaq. Ağır xəstələrin sayının artması, reanimasiyada müalicə alan xəstələrin çoxalması anlamına gəlir. Reanimasiyalara tələbatın çoxalması reanimatoloqlar və tibb bacılarının sayına tələbin artması deməkdir. Müəyyən bir həddən sonra buna qarşılıq vermək səhiyyə üçün çətinləşir. Bu tək Azərbaycan deyil, bütün dünya üçün belədir. Və bu təhlükə qarşısında qalanda, çıxış yolu kontaktların, görüşlərin, toplanmaların bir şəkildə məhdudlaşdırılmasına qalır. O hansı yolla məhdudlaşdırılacaq, buna Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verəcək.

Məsuliyyət məsəsləsinə qaldıqda, vətəndaşların maska ilə bağlı məsuliyyətində kifayət qədər artım var. Yəni maska qaydasına riayət etməyə çalışırlar. Bir maskadan bir neçə gün istifadə etsələr də, maskanı düzgün geyinib-soyunmasalar da, maska ilə dolaşırlar. Ancaq tək maska bu xəstəlikdən qorunmaq üçün yetərli deyil. Əllər mütləq şəkildə təmizlənməli, gigiyenaya riayət olunmalıdır. Hətta təmiz əllə belə üzə, gözə toxunmamağa çalışılmalıdır. Sosial məsafə gözlənilməlidir. Açıq məkanda hətta sağlam şəxslərlər belə 1 metr, qapalı məkanlarda 1.5 metr məsafə saxlanmalıdır. Mütləq şəkildə peyvənd vurdurulmalıdır. Qapalı məkanda, xüsusilə iş yerlərində otağın havası tez-tez dəyişilməlidir.Qeyd olunanan qaydaların hamısına birlikdə riayət edildikdə, yoluxma sayı azalacaq. Əks halda yoluxma davam edəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)