İlk “Huawei” fərdi kompüterinin xüsusiyyətləri açıqlanıb
“Huawei” saytında şirkətin ilk stasionar kompüteri haqqında informasiya dərc edilib.
“Huawei MateStation S” adlanan model dəstinə sistem bloku, monitor, klaviatura və siçan daxildir. “AMD Ryzen 5 4600G” prosessoru üzərində qurulan kompüter “DDR4” formatlı 8 giqabaytlıq operativ yaddaş tutumuna və “SSD” toplayıcısında 256 giqabaytlıq quraşdırılmış yaddaşa malikdir. Qurğu quraşdırılmış “Windows 10” əməliyyat sistemi ilə tədarük edilir. Bundan başqa, yeni kompüter qoşa “Wi-Fi” və “Bluetooth 5.0” antenası, üç “USB-A 2.0” portu, iki “USB-A 3.2” çıxışı, bir “USB-C” çıxışı, qulaqcıq üçün çıxış, “HDMI” portu, “VGA” interfeysi, iki “Ethernet” portu ilə təchiz olunub.
Həmçinin təsvirdə bildirilir ki, qurğu ventilyatorun fırlanma dövrlərini tənzimləyən intellektual temperatur idarəetmə funksiyasına malikdir. İsti hava korpus üzərindəki asimmetrik dəliklər vasitəsilə xaric olunur.
“MateStation S” kompüteri “IPS” ekran və 1920х1080 piksel təsvir ölçüsünə malik 23,8 düymlük monitorla tədarük edilir. Tərəflərinin nisbəti 16:9 təşkil edən displey işıq diodlu arxa işıqlandırma və 1000:1 nisbətində kontrastlıqla təchiz olunub. Bundan əlavə, kompüter dəstinə 2,5 mm klaviş hərəkətinə malik klaviatura, daktiloskopik sensor və siçan daxildir.
Qiyməti açıqlanmayan “Huawei MateStation S” kompüterinin yaxın vaxtlara satışa çıxarılacağı gözlənilir.(İctnews)