Tenderlər

“Azəralüminium” Belarus şirkətinə 2 mln dollarlıq tender verdi

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi “Azəralüminium” MMC alüminium flüoridin satınalınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

ENA.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi Belarus istehsalçısı - “Qomel Kimya Zavodu” MMC-dir.

Qalib şirkətə 2,223 mln ABŞ dolları ödəniləcək.

“Azəralüminium” MMC Azərbaycan Respublikasının əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium – oksid (gil-torpaq), ilkin alüminium və yarımfabrikat (alüminium vərəq-lövhə, zolaq hər iki üzü boyanmış vərəq və lövhə, billet, külcə və rulon şəklində) məhsullarının istehsalı sahəsi üzrə aparıcı şirkətdir. “Azəralüminium” MMC-nin “Gəncə Alüminium Kompleksi” Gəncə şəhərində yerləşir. Kompleksin tərkibinə 4 zavod (Elektroliz Zavodu, Anod Prosesləri Zavodu, Metal Tökmə və Fasiləsiz Yayma Zavodu, Təzyiqlə Emal və Boyama Zavodu), 2 köməkçi sahə (110 kvt-luq və Silisium Düzləndirici Yarımstansiya, Mexaniki Təmir Stansiyası) və sosial obyektlər daxildir. Kompleksin ümumi işçi sayı 1 081 nəfərdən ibarətdir.

Kompleksdə avtomatlaşdırılmış, müasir texnologiyalara əsaslanan, ildə 52 000 ton ilkin alüminium istehsal gücündə zavodlar fəaliyyət göstərir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)