BİZNES

"Gömrük idxalda qiymətləri bahalaşdırır. Bu qurum ləğv edilməldir" - MÜSAHİBƏ

Azərbaycanın gömrük və vergi sisteminin hər ikisi məhsul və xidmətlərdən Əlavə Dəyər vergisi toplayır. Büdcəyə ödənişlərdə də əsas yeri ƏDV üzrə yığılan vergilər tutur. Hər iki qurumun eyni vergini toplaması özlüyündə absurddur. Nəzərə alaq ki, ƏDV satış zamanı məhsulun və ya xidmətin üzərinə əlavə olunur, onun idxal zamanı sahibkarın üzərinə yüklənməsi iqtisadiyyatımız üçün müsbət hal deyil. Eyni zamanda, bu günlərdə açıqlanan gömrük statistikasına görə, 2020-ci ildə Azərbaycana idxal 2.9 mlrd. dollar və ya 27,3% azalma var. Gömrük sisteminin büdcəyə ödənişləri isə cəmi 470 mln. manat və ya 11% azalıb. Nisbətdəki bu fərq necə formalaşıb?

ENA.az-ın suallarını iqtisadçı Rövşən Ağayev cavablandırdı.

 

- Xarici ticarət dövriyyəsi 2020-ci ildə 24 milyard 471 milyon dollar olub. 2019-cu ildə isə 33 milyard 302 milyon dollar idi, deməli 2020-ci ildə 36%-lik azalma baş verib. Büdcə daxilolması 3 milyard 938 milyon dollar olub, 2019-cu ildə 4 milyard 408 milyon dollar idi və burada 470 milyon dollar, 11,9 %-lik bir azalma qeydə alınıb. Bu il idxal 10 milyard 730 milyon dollar olub və ötən illə müqayisədə 2 milyard 937 milyon dollar və ya 27,3% azalıb. Rövşən müəllim, bu nisbət fərqləri nə dərəcədə realdır?

- Müqayisə aparsaq, bu il ƏDV-nin həcmində 263 milyon dollarlıq azalma var. Bizim xarici ticarətimiz Türkiyədəki kimi deyil. Türkiyədə ixrac çox böyük həcmdə vergiyə cəlb edilir, ona görə də Türkiyə kimi ölkələrdə xarci ticarətin ümumi dövriyyəsinin statistikası geniş analiz olunur. Ancaq Azərbaycanda elə deyil, çox kiçik istisnalarla, dəriyə və s., tətbiq edilməklə, demək olar ki, ixracdan vergi yoxdur. Bizdə ixracdan bir ödəmə var, onu da vergi saymırlar. Belə ki, büdcə sistemi haqqında qanunda qiymətləri tənzimlənən məhsulların topdan satış qiymətləri ilə dünya bazarındakı fərqi büdcəyə alırlar, ancaq xarici ticarət vergisi saymırlar. Ona görə də daha çox idxala baxmalıyıq və idxaldakı 27,3 faizlik azalma müqabilində vergidə 12%-lik bir azalma diqqətə çarpır. Bu azalma nə ilə bağlıdır? Qeyd edim ki, nisbət birə-bir uyğun gəlməyə bilər. Məsələn, Azərbaycan Dövlət Neft Fondu üçün alınan böyük həcmdə monetar qızılın idxalı vergidən azaddır. Dövlət idxalı 2019-cu ildə 4,1 milyard dollar, 2020-ci ildə 1,8 milyard dollar olub, yəni 2,3 milyard dollar azalma var.  İdxaldakı həmin 3 milyard azalmanın 2.3 milyardını belə vergidən azad təyinatlı hesab edərək kənara qoyun. Yerdə qalan 600-700 milyon dollarlıq vergiyə cəlb edilən hissə haqqında danışmaq olar və düşünürəm ki, bu nisbət normal bir azalmadır. Amma bununla belə vergi ödəmə əmsalı xeyli yüksəlib. Belə ki, 2019-da büdcə ödənişlərinin idxalın dəyərinə nisbəti 18,9% idisə, 2020-də 21,6% olub. Yəni 1 il əvvəl hər 100 dollarlıq idxaldan 18,9 dollar büdcəyə daxil olmuşdusa, 2020-də 21,6 dollar alınıb.

 

- Ortadakı fərq nisbətində büdcədən yayındırılan vəsaitin həcminin azalmasının da rolu varmı? Yəni 2020-ci ilin əvvəlində gömrükdə başlayan şəffaflaşdırma prosesini nəzərdə tuturam.

- Şəffaflaşma ilə bağlı nağıllara artıq inanmıram. Azərbaycanda gömrük indeksi 22% bahalaşıb. Eyni araşdırmanı idxal mallarınnın daxilindəki qiymətlərdə də  apardım və gördüm ki, bahalaşma 2-3%-dir. Necə olur ki, idxalda məhsullar 22% bahalanır, amma istehlak malları bazarında cəmi 2% qalxır. Açıq-aşkar görünür ki, idxal mallarının qiymətini gömrükdə bahalaşdırırlar. Şəffaflaşdırmaya o vaxt inanmaq olar ki, o öz nəticəsini istehlak bazarında göstərəydi. Vergi orqanlarının özündə bu böyük problemlər yaradır, çünki gömrük qiymətləri artırır, sonradan sahibkarın daxili satışında vergi hesablanmasında çətinlik yaradır. Çünki gömrükdən idxal dəyəri məhsulun maya dəyəri kimi oturur. Real satış qiyməti də bu qiymətə yaxındır. Vergi sisteminin əməkdaşları daxildə bu məsələni etiraf edirlər, ancaq qarşısını da almırlar.

 

- Sahibkarlar bir neçə dəfə təklif ediblər ki, gömrük orqanları ƏDV-ni yığmasın, bu işi onsuz da vergi icra edir.

- Bəli, belə olmalıdır. Bunu biz də təklif etmişdik.

 

Bu halda belə çıxır ki, gömrüyün büdcəsi boş qalacaq. Bu qurum ancaq gömrük rüsumunu yığmaqla məşğul olacaq, o da il ərzində 1 milyard manat təşkil edir.

- Bu qurum ləğv edilməlidir. Vergi, fiskal orqanlar birləşməlidir. Verginin bir cibi olmalıdır ki, sahibkar ödədiyini bir sistem üzərindən görsün. Açıq-aşkar görünür ki, buna hansısa maraqlar imkan vermir. O boyda birləşməyə getdilər, İqtisadiyyat Nazirliyi ilə Vergilər Nazirliyi bir-birilə əlaqəsi olmayan qurumlar idi, onu birləşdirə bildilər, amma gömrüyə dəymədilər.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)