Bu il neft-qaz sazişlərindən ARDNF-yə ödəniləcək bonusların həcmi açıqlanıb
2021-ci il üzrə neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən bonus ödənişləri 456,5 milyon ABŞ dolları və ya 776,05 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.
ENA.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2021-ci il üzrə büdcəsinə verdiyi rəydə deyilir.
Məlumata görə, bu, manat ifadəsilə 2019-cu ilin müvafiq icra göstəricisindən 9,7 milyon manat və ya 1,3 % çox, 2020-ci ilin proqnoz və gözlənilən icra göstəricilərindən 8,3 milyon manat və ya 1,1 % çoxdur.
Belə ki, 14 sentyabr 2017-ci il tarixli “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”inə əsasən 2018-2025-ci illər ərzində ümumilikdə 3,6 mlrd ABŞ dolları ödənilməsi nəzərdə tutulur ki, bonus məbləğinin 4-ci hissəsi - 450 milyon ABŞ dolları və ya 765 mln manatı 2021-ci ilin ilk ayında ödənilməsi nəzərdə tutulur.
Bununla yanaşı, 2021-ci il üzrə “Şahdəniz” yatağı üzrə Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən “Şahdəniz” layihəsi üzrə 4,5 milyon ABŞ dolları və ya 7,65 mln manat məbləğində bonus ödənişlərinin edilməsi proqnozlaşdırılır.