Virusdan sağalanlara xəbərdarlıq: “Bu hallar varsa, həkimə müraciət edin”
"Koronavirusdan sağalan şəxslərin tam sağaldıqdan 2-3 ay sonra yenidən yüngül də olsa hər hansı ciddi bir simptomları müşahidə olunarsa, bu zaman mütləq şikayətə uyğun olaraq müvafiq həkimə müraciət etməsi vacibdir".
Bunu açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.
Onun sözlərinə görə, elmi tədqiqatlara əsasən, virusdan sağalan şəxslərin müxtəlif orqanlarında - ürəkdə, beyində, onurğa beynində və s. müxtəlif fəsadlara rast gəlinə bilər:
"Bu fikirlərlə virusa yoluxan xəstələri qorxutmaq fikrim yoxdur, sadəcə insanları özlərinə qarşı ciddi şəkildə diqqətli olmağa çağırıram. Onların zamanında həkimə müraciət etməsi özlərini ciddi problemlərdən qorumaları deməkdir. Çünki artıq COVID-19 bu xəstəliyi yüngül simptomlarla keçirən insanların sağaldıqdan sonra müəyyən qisminin ürəyində patoloji dəyişikliklər yarandığı elmi tədqiqatlarla sübut olunub. Xəstələrin beynində ola biləcək dəyişikliklərlə bağlı isə elmi hesabatın müəlliflərindən biri də mənəm. Yaxın günlərdə elmi ədəbiyyata daxil olacaq həmin hesabatda beyində və o cümlədən onurğa beynində COVID-19-un xəstəlikdən tam sağaldıqdan 2 ay sonra yaratdığı ciddi dəyişikliklərdən bəhs ediləcək, hansı ki, həkimə bir az tez müraciət edilsəydi xəstənin vəziyyəti hazırda tam normal ola bilərdi. Ona görə də tövsiyə edirəm ki, xəstəlikdən sağaldıqdan sonrakı dövrü xəstəlik zamanı yüngül simptomlarla keçən dövrlə eyniləşdirməmək lazımdır. Buna görə də yüngül baş ağrısı, ürəkbulanma və ürəklə bağlı hər hansı simptomlar müşahidə olunarsa, bu zaman mütləq həkimə müraciət etmək lazımdır ki, ola biləcək ağırlaşmaların qarşısı alınsın.
Eyni zamanda, COVID-dən sağalan şəxslər arasında müəyyən müddət sonra halsızlıq, yorğunluq, qalıcı öskürək və hətta subfebril qızdırma kimi simptomatların qalıcılığı da müşahidə olunub, bunlar da hətta 2 aya qədər davam edə bilər. Ona görə də bu kimi hallar da müşahidə olunacağı təqdirdə mütləq həkimə müraciət etmək lazımdır və bu halları təkrar yoluxma halları ilə eyniləşdirmək olmaz".
"Həmçinin bildiyimiz kimi, ciddi yanaşı xəstəliyi olanların COVID-19-u ağır keçirmə ehtimalı yüksəkdir. Bu şəxslər bilməlidirlər ki, koronavirusdan sağaldıqdan sonra da yanaşı xəstəlikləri ilə bağlı müalicələrini davam etdirməli və həkim nəzarətində olmalıdırlar. Çünki 2-3 aydan sonra ola biləcək ağırlaşmalar zamanı yanaşı xəstəliklər tam nəzarətdə olarsa vəziyyətdən çıxmaq daha asan olur", - tibb elmləri doktoru əlavə edib.