Sığorta

Azərbaycanın dəyərli, tanınmış iş adamı koronavirusdan vəfat etdi

Azərbaycanın dəyərli, ziyalı oğullarından biri olan Xəyal Məmmədxanlı COVİD-19 virusundan vəfat etdi. Artıq bir neçə gün idi ki, reanimasiyaya yerləşdirilən X.Məmmədxanlının bu gün səhər vəziyyəti daha da pisləşib. Həkimlərin səyinə baxmayaraq, o vəfat edib. 

Qeyd edək ki, X.Məmmədxanlı  11 iyun 1978-ci ildə Azərbaycan Respublikası, Naxçıvan MR, Şahbuz rayonunun Kolanı kəndində ziyalı və həkim ailəsində anadan olub. 

1985-ci ildə Kolanı kənd orta məktəbində təhsilinə başlayıb və 1992-ci ilə qədər həmin məktəbdə təhsil alıb. 1992-ci ildə 8-ci sinfi bitirərək Naxçıvan Türk Litseyinə daxil olub və 1996-cı ilə qədər həmin litseydə oxuyub. 1996-cı ildə Naxçıvan Türk Litseyini fərqlənmə ilə bitirərək Ankara Universitetinin Siyasi Elmlər Fakultəsinə, Selçuk Universitetinin İqtisadiyyat fakultəsinə və Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakultəsinə daxil olub. 2000-ci ildə BDU-nun Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakultəsinin bakalavr pilləsini, 2002-ci ildə isə magistr pilləsini Beynəlxalq Hüquq ixtisası üzrə fərqlənmə diplomları ilə bitirib. 2002-2005-ci illərdə BDU-nun Beynəlxalq hüquq və xarici ölkələrin dövlət hüququ kafedrasında aspirantura təhsilini başa vurub. Eyni zamanda, London Sığorta İnstitunda təhsil alaraq həmin institutun Sertifikat (Cert CII) və Diplomunu (Dip CII) əldə edib.

Xəyal Məmmədxanlı ixtisasça beynəlxalq hüquq mütəxəssisi və hüquqşünas olsa da, bütün karyerasını müxtəlif şirkətlərin rəhbər vəzifələrində idarəetmə və menecment üzərində qurmuşdur. Onlarla şirkətin qurucusu və rəhbəri, bir neçə əhəmiyyətli start-upların ideya müəllifi olmuşdur.

2000-ci ilin iyul ayından 2002-ci ilin yanvar ayına kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Xarici Sərmayələr İdarəsində baş mütəxəssis və «Atəşgah» Sığorta şirkətində hüquqşünas vəzifəsində işləmişdir. Yanvar 2002- mart 2002 tarixlərində «Atəşgah” Sığorta Şirkəti, Hüquq və Zərərlərin tənzimlənməsi şöbəsinin müdiri, mart 2002 – yanvar 2003 tarixlərində «Beynəlxalq Sığorta Şirkəti» MMC-də İdarə Heyətinin sədri, yanvar 2003 – dekabr 2005 tarixlərində «Beynəlxalq Sığorta Şirkəti» MMC-nin Müşahidə Şurasının sədri, iyun 2006 – Yanvar 2007-ci il tarixlərində Turquoise MMC-nin baş direktoru, iyul 2008 – iyun 2009 tarixlərində “AZFİNANSBANK” ASC-nin Müşahidə Şurasının sədri, yanvar 2007 – sentyabr 2009 tarixlərində «AzSığorta» ASC-nin İdarə Heyəti sədrinin müavini, sentyabr 2009 – aprel 2010 tarixlərində AZBARTER MMC-nin prezidenti, aprel 2010 – iyun 2011-ci il tarixlərində “ALFA SIĞORTA” ASC-nin Direktorlar Şurasının sədri, oktyabr 2011 – fevral 2013 tarixlərində “Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası" ASC-nin İdarə Heyətinin üzvü və Mərkəzi Aparatın rəhbəri, may 2013 – sentyabr 2014-cü il yarixlərində “Avesta” Konserni, İdarə heyətinin üzvü və Mərkəzi Aparatın rəhbəri, vitse-prezidenti vəzifələrində işləmişdir. 2014-cü ilin sentyabr ayından etibarən “ARK” Business Solutions şirkətinin təsisçisi və ortağıdır. "Zaman Sığorta və Təkrar Sığorta üzrə Broker" MMC-də Baş kommersiya direktoru, "Kasko Butik" layihəsinin rəhbəri idi və tezliklə yeni bir layihəyə başlayacağı barədə anons vermişdi. 

Allah rəhmət eləsin. 

   

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)