Dell imperiyasının qurucusu: Universitet yataqxanasından milyardlıq biznesə

“Dell Technologies” şirkətinin qurucusu Maykl Dell universitet yataqxanasında cəmi 1 000 dollarla başladığı biznesi dünyanın aparıcı texnologiya şirkətlərindən birinə çevirib. Hazırda şirkətin bazar dəyəri 302 milyard dollar, sahibinin sərvəti isə təxminən 234 milyard dollar qiymətləndirilir.
ENA.az xəbər verir ki, “Fortune” nəşrinin istinadən yaydığı məlumata görə, Dell 1983-cü ildə Texas Universitetində tibb təhsili almağa başlasa da, kompüterlərə marağı onu fərqli istiqamətə yönəldib. O, 19 yaşında tələbə yataqxanasında kompüterlər üçün təkmilləşdirmə dəstləri satmağa başlayıb. İlkin biznesinə 1 000 dollar sərmayə qoyub.
Dell-in biznes modeli kompüterləri vasitəçilər olmadan birbaşa müştərilərə satmağa və sifariş əsasında hazırlamağa əsaslanırdı. Şirkət qısa müddətdə böyüyərək 2001-ci ildə dünyanın ən böyük fərdi kompüter istehsalçısına çevrilib.
Lakin dotkom böhranından sonra şirkət çətinliklərlə üzləşib. Maykl Dell 2013-cü ildə “Silver Lake” investisiya şirkətinin dəstəyi ilə 24,4 milyard dollar ödəyərək şirkəti birjada dövriyyədən çıxarıb. Daha sonra 67 milyard dollarlıq “EMC” satınalması ilə biznesini kompüter istehsalından daha geniş texnologiya və infrastruktur sahələrinə yönəldib.
“Dell Technologies” 2018-ci ildə yenidən birjada fəaliyyətə başlayıb. Şirkətin bazar dəyəri 2026-cı il oktyabrın 30-na 302 milyard dollara yüksəlib. “Bloomberg Billionaires Index”ə görə, Maykl Dellin şəxsi sərvəti isə 234 milyard dollar təşkil edir.
Sahibkarın biznes fəlsəfəsinin əsasını risk etmək və fərqli ideyalar yaratmaq təşkil edir. O, yeni biznes qurmaq istəyənlərə başqalarının təsdiqini gözləməməyi tövsiyə edir. Dellin fikrincə, insanlardan ideyanın yaxşı olub-olmadığını soruşduqda əksəriyyət mənfi cavab verə bilər.
O, həmçinin innovasiyanın risk olmadan mümkün olmadığını vurğulayır. Dellin sözlərinə görə, böyük şirkətlər çox vaxt riskləri azaltmağa fokuslanır, halbuki yeni imkanlar yaratmaq üçün uğursuzluq ehtimalını da qəbul etmək lazımdır.











