Qarabağ

Laçın rayonu haqqında bunları bilirsinizmi?

Bu gün Laçın rayonu işğaldan azad edilib. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub. Laçın şəhərində orada Azərbaycanın Dövlət Bayrağı qaldırılıb.

ENA.az xəbər verir ki, Laçın Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayondan biridir. Şuşa şəhərinin azad edilməsinin ardınca noyabrın 9-da Azərbaycan Ordusu Laçının Güləbürd, Səfiyan, Türklər kəndlərini işğalçılardan təmizləyib. Müzəffər Azərbaycan Ordusunun Laçın rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusilə Şuşa şəhəri və onun ardınca 70-dən artıq kəndin azad olunmasından az sonra Ermənistan kapitulyasiyasını elan edib. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Laçını da Ağdam və Kəlbəcər kimi Azərbaycana təhvil verməli olub.

Bu gün Laçını tərk edən erməni əhalisi 1992-ci ildə rayonun işğalından sonra orada qeyri-qanuni məskunlaşıb. Ağdam və Kəlbəcərdə olduğu kimi, qeyri-qanuni yaşadıqları əraziləri - Azərbaycan torpaqlarını tərk edən ermənilər Laçından da təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüblər. Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün bütün şəraiti yaradıb. Bunun müqabilində isə Laçından çıxan ermənilər qaldıqları evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər. Bu gün təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1992-ci ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. İşğal dövründə Laçın rayonu yüzlərlə şəhid verib, onlarla dinc insan Laçında girov götürülüb.

Rayondan köçkün düçən Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı Ermənistan ordusu tərəfindən qarət olunub. Bu gün baş verənlər həm də Azərbaycan və Ermənistan arasındakı fərqi anlamaq üçün növbəti əyani nümunədir.

Laçın rayonu respublikanın cənub-qərbində, Qarabağ silsiləsində yerləşir. Rayonun reylefi dağlar və dağlıq yaylalardan ibarətdir. Ən hündür nöqtəsi Qızılboğaz dağıdır (3594 m). Bitki örtüyü kolluq və seyrək meşəli çəmənliklərdən, enliyarpaqlı dağ meşələrindən (palıd, vələs, fıstıq və s.), subalp və alp çəmənliklərindən ibarətdir. Ərazisinin çox hissəsində qışı quraq keçən mülayim-isti, soyuq iqlim tipi, Qarabağ yaylasında isə dağ-tundra iqlimi üstünlük təşkil edir. İllik yağıntının miqdarı 600-900 mm-dir. Rayon ərazisindən Həkəri çayı və onun qolları keçir.

İşğal dövründə rayonun meşə fondunun əhəmiyyətli hissəsi Ermənistan tərəfindən məhv edilib.

Laçında 10 ədəd Şərq çinarı növünə məxsus qədim ağaclar təbiət abidələri kimi qeydə alınıb. Bunlardan 8 ədədi rayonun Malxələf kəndindədir, ən yaşlı ağacın diametri 210 sm, hündürlüyü 26 metr, yaşı isə 400 il təşkil edib. Rayon ərazisində ümumi sahəsi 1 092 ha olan üçüncü dövrün relikt növlərinə aid “Ardıc meşəsi” dövlət təbiət abidələri kimi xüsusi qiymətli meşə sahələrinin siyahısına daxil edilib. Burdakı ağacların yaşı 100-150 ilə çatır.

Rayon ərazisində 2 xüsusi mühafizə olunan təbiət ərazisi - Qaragöl Dövlət Təbiət Qoruğu və Laçın Dövlət Təbiət Yasaqlığı yerləşir.

Qaragöl Dövlət Təbiət Qoruğu Laçın rayonu ilə Gorus rayonu sərhəddində dəniz səviyyəsindən 2658 m hündürlükdə, Həkəri çayının sağ qolu olan Ağoğlan çayının mənbəyinə yaxın 240 hektar ərazidə yaradılıb. Gölün dərinliyi 5-6 metr olmaqla vulkanik mənşəlidir. Qaragölün əsas biokütləsində Gammarus lacustris şirinsu xərçəngi mühüm yer tutmaqla qiymətli balıq növü olan Qızılxallı balıq (forel) üçün yem bazası hesab olunub. Gölün müasir vəziyyəti heç də qənaətbəxş deyil, aerokosmik şəkillərdən gölün tamamilə quruduğu müşahidə edilib. Ətraf çəmənliklər sistemsiz olaraq intensiv otarılmaqla bitki örtüyü korlanıb.

Laçın Dövlət Təbiət Yasaqlığı: 1961-ci ilin noyabr ayında Laçın rayonu ərazisində 20 000 hektar ərazidə yaradılıb. Bitki örtüyünə görə yasaqlığın ərazisi iberiya palıdlarından ibarət olan orta dağ-meşə (1000-1700 m), Şərq palıdından ibarət olan yuxarı dağ meşə (1700-2200 m), sulbalp (2200-2500 m) və alp (2500-2800 m) çəmənlikləri qurşaqlıqlarına ayrılır. Sahəsinin 7 369 ha və ya 34,5 %-i meşə sahəsi, 1 448 və ya 6,8 %-i alp çəmənliyi, 7 400 ha və ya 34,8 %-i subalp çəmənliyi, 4 257 ha və ya 20 % otlaqlar, 862 və ya 4 % qayalar və uçqunlar, 34 ha xüsusi təyinatlı torpaqlardır. Burada Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilən heyvan növlərindən dağ keçisi (Bezoar keçisi), Avropa cüyürü, Nəcib maral, Xəzər uları, Ütəlgi qızılquş, Adi qızılquş, Qonur ayı, Ağbaş kərkəs məskunlaşıb. Meşələri əsasən vələs, cökə, ağcaqayın və s. qarışıq tip meşələrdir. Yasaqlığın ərazisindəki Hacısamlı meşəsində dünyada qiymətli sayılan Qırmızı palıdın (Qızıl palıd) təbii arealı mövcud olub. Bu ağac Azərbaycan Respublikasında ancaq həmin yasaqlıqda yayılıb.

Həkəriçay Laçın, Qubadlı və Zəngilan rayonlarının ərazisindən axaraq Araz çayına tökülür. Kiçik Qafqazın Azərbaycan daxilində Tərtərçaydan sonra (Bazarçayla birlikdə) ikinci ən böyük çayı olub, qar, yağış və yeraltı sulardan qidalanır. Çayın sutoplayıcı sahəsi 1180 km2, uzunluğu 113 km, çoxillik orta su sərfi 10,8 m3/san, illik axımın həcmi 341 mln.m3-dir.

Ağsuçay Laçın rayonu ərazisinə daxil olur və Həkəriçayına tökülür. Axımı əsasən qar və yeraltı sulardan qidalanır. Çayın sutoplayıcı sahəsi 88 km2, uzunluğu 25 km-dir.

Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik 7 relikt göldən Laçın rayonu ərazisində yerləşən Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl böyük antropogen təsirə məruz qalıb.

Laçın rayonu zəngin faydalı qazıntılarla, o cümlədən (3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları) civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli Gilgəzçay, Sarıbulaq, Narzanlı civə, Ahnəzər əlvan daşı, Qarabəyli, Dəlikdaş, Çorman və Narzanlı kimi vermikulit yataqları daha böyük ehtiyatlara malikdir.

S/s

Yataqların adı

Yatağın növü

Təsdiq edilmiş ehtiyatı

1

Quşçu

sement xammalı

2 144 min m3

2

Laçın

əhəng xammalı

4 458 min ton

3

Hocaz

üzlük daşı

2 533 min m3

4

Yuxarı Həkəriçay

qum-çınqıl

15 794 min m3

5

Əhmədli

mişar daşı

4 752 min m3

6

Novruzlu

gil

998 min m3

7

Fingə-I

üzlük daşı

2 160 min m3

8

Fingə-II

üzlük daşı

1 800 min m3

9

Vağazin

üzlük daşı

3 200 min m3

10

Bozdağan

üzlük daşı

7 645,7 min m3

11

Qaraqışlaq I

tikinti daşı

1 740 min ton

12

Əhmədli I

sement xammalı

21 000 min ton

13

Qızılca II

sement xammalı

210 min ton

14

Minkənd

sement xammalı

75 min ton

15

Yaxartəpə

sement xammalı

2 203 min ton

16

Sonasar

sement xammalı

600 min ton

17

Qızılca-Suss

sement xammalı

2 500 min ton

18

Suss

sement xammalı

2 040 min ton

19

Zabux

sement xammalı

1 575 min ton

20

Əliqulu

sement xammalı

781 min ton

21

Pircahan

sement xammalı

780 min ton

22

Quşçu-I

sement xammalı

450 min ton

23

Quşçu-II

sement xammalı

3 267 min ton

24

Mirik

sement xammalı

2003,63 min m3

25

Qarakeçdi-I

sement xammalı

1315,86 min m3

26

Seyidlər

sement xammalı

656,6 min m3

27

Qarakeçdi-II

sement xammalı

3926,5 min m3

28

Qoçaz

sement xammalı

720,8 min m3

29

Kamallı-I

sement xammalı

2176,02 min m3

30

Kamallı-II

sement xammalı

2176 min m3

31

Zərti

sement xammalı

15 min m3

32

Ahnəzər

əlvan daş

915 min ton

33

Minkənd

sement xammalı

75 min ton

34

Qarabəyli

vermikulit

263 min ton

35

Dəlikdaş

vermikulit

183 min ton

36

Çorman

vermikulit

3,7 min ton

37

Narzanlı

vermikulit

1683 min ton

38

Narzanlı

civə

Filiz - 71788 ton

Hg - 441,6 ton

39

Sarıbulaq

civə

Filiz - 1056,6 ton

Hg - 48,33 ton

40

Çilgəzçay

civə

Filiz - 112056 ton

Hg - 359,3 ton

Laçın rayonunda 73 tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Onlardan 3-ü ölkə əhəmiyyətli memarlıq, 8-i ölkə əhəmiyyətli arxeoloji, 47-si yerli əhəmiyyətli memarlıq, 3-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə abidəsi, 3-ü yerli əhəmiyyətli arxeoloji, 9-u dekorativ-tətbiqi sənət nümunələri (xalq daş heykəltaraşlıq) abidələridir.

Rayon ərazisində yerləşən Ağoğlan məbədi, Məlikəjdər türbəsi, Sarı Aşığın xatirə muzeyi, Həmzə Soltan sarayı və Dəmirovlu Pir məbədi Azərbaycan Respublikası ərazisində mövcud olan daşınmaz tarix-mədəniyyət abidələri içərisində xüsusi önəmə malikdir.

Məlikəjdər türbəsi

Laçın rayonunun Cicimli kəndi yaxınlığında geniş məzarlıq içərisində iki türbə yanaşı ucalır. Onlardan tarixən qədim olan, pir kimi ziyarət edilən, yerli əhalinin Məlik Əjdər türbəsi kimi tanıdığı türbədir. Alimlər abidəni XIII-XIV əsrə aid edirlər. Türbənin üzərində verilən naxışlar və işlənmiş heyvan obrazlarının Xaçındərbətli kəndində olan türbənin naxışları ilə oxşarlığı da belə nəticəyə gəlməyə imkan verir.

Ağoğlan məbədi

Ağoğlan monastrı Laçın rayonunun Kosalar kəndi ərazisində yerləşir. İşğal dövründə Ermənistan Ağoğlan monastırının memarlıq quruluşunda və interyerində dəyişikliklər edib, divar yazılarını korlamış, abidənin divarları üzərində olan bir neçə daş yazıları, eləcə də xeyli sayda alban dövrünə məxsus bir çox ornament və simvolları tamamilə silib, onlardan bir çoxunun formalarını dəyişdirərək tanınmaz hala salıb.

Sarı Aşığın xatirə muzeyi

XVII əsrdə yaşamış bayatı ustadı Sarı Aşığın xatirə muzeyi1989-cu ildə rayonun Güləbird kəndində istifadəyə verilib. Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonunun işğal edilməsi nəticəsində muzeyin binası və 200-ə yaxın eksponatı məhv edilmiş və talan edilib.

Arxeoloqlar 1927-ci ildə Sarı Aşığın məzarının yerləşdiyi Güləbird qəbristanlığında və türbədə araşdırmalar aparmış, belə qənaətə gəlmişlər ki, türbə XVII əsrə aiddir.

Həmzə Soltan sarayı

Həmzə Soltan sarayı Laçın rayonunun Hüsülü kəndində yerləşir. XVIII əsrdə tikilməsi ehtimal edilən sarayın tikintisində şərq memarlıq ənənələrindən geniş istifadə edilib. Saray əvvəl böyük bir kompleks təşkil etsə də, dövrümüzə ondan yalnız bir saray binası qalıb. Rayonun işğalından sonra memarlıq abidəsi olan Həmzə Soltan sarayı Ermənistan tərəfindən otel kimi istifadə edilib və içərisində böyük dəyişikliklər aparılıb.

Dəmirovlu Pir məbədi

Dəmirovlu Pir məbədi yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb.

Laçın Tarix-Diyarşünaslıq Muzeyi

Yüksək bədii və tarixi səciyyə daşıyan eksponatlarla zəngin olan Laçın Tarix-Diyarşünaslıq Muzeyi 1979-cu ildə fəaliyyətə başlayıb. Muzeyin ümumi sahəsi 1200 m2-dir.

Muzeyin fondu 10 mindən çox eksponat təşkil edib. Muzeyin həyətində açıq səma altında ekspozisiya da fəaliyyət göstərib, burada müxtəlif əsrlərdə hazırlanmış qədim tarixə malik bədii daş nümunələri, at və qoç fiqurları, sujetli oymalar, kənd təsərrüfatı alətləri və bir çox məişət əşyaları nümayiş etdirilib.

1992-ci ildə Laçın şəhərinin işğal edilməsi nəticəsində muzey binası tamamilə dağıdılıb, eksponatları məhv və talan edilib.

Laçın Dövlət Rəsm Qalereyası da talan edilib, qalereyada saxlanılan 60-dan çox rəsm əsəri erməni vandalizminə məruz qalıb.

Laçında bir sıra uşaq musiqi məktəbləri də fəaliyyət göstərib. Laçın şəhər Əli Quliyev adına 1 nömrəli Uşaq Musiqi Məktəbi 1966-cı ildə yaradılıb. Bu təhsil ocağı 1992-1995-ci illərdə Bakı şəhəri, Nərimanov rayonu, İnşaatçılar Mədəniyyət Sarayında, 1995-2008-ci illərdə Bakı şəhəri, Nərimanov rayonu, Səttərxan adına Mədəniyyət Evində fəaliyyət göstərib. 2008-ci ildən bugünədək məktəb Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi 1B ünvanında fəaliyyətini davam etdirir. Laçın rayon Şəlvə kənd Uşaq Musiqi Məktəbi 1985-ci ildə yaradılıb. Hazırda fəaliyyətini Sumqayıt şəhəri Sarı Qaya qəsəbəsi, Şəfəq pansionatının klub binasında davam etdirir. Laçın rayon Şamkənd kənd Uşaq Musiqi Məktəbi 1988-ci ildə yaradılıb. Məktəb yaranandan 1992-ci ilədək Laçın rayon Şamkənd kəndində, 1992-ci ildən 2004-ci ilədək Şəki rayonu Çələbixan kəndində fəaliyyət göstərib. 2004-ci Ağcabədi rayonu Taxtakörpü qəsəbəsindəki 552 saylı yaşayış məhəlləsində fəaliyyətini davam etdirir. Laçın rayon Ərdəşəvi kənd Uşaq Musiqi Məktəbi 1989-cu ildə yaradılıb. Rayonun işğalından sonra məktəb fəaliyyətini Abşeron rayon Pirəkəşkül qəsəbəsində Uşaq bağçasının binasında davam etdirir.

1999-cu ildə Saatlı rayonunda məskunlaşmış məcburi köçkünlərlə görüşü zamanı ulu öndər Heydər Əliyev Laçın şəhər 2 nömrəli Uşaq Musiqi məktəbinin yaradılmasına qərar verib, həmin məktəb 2000-ci ildən fəaliyyətə başlayıb. Məktəbin “Laçın Qayası” ansamblı hər il hərbi hissələrdə və rayonun müxtəlif tədbirlərində fəal iştirak edir. Məcburi köçkünlər yeni evlərə köçürüldükdən sonra məktəb Xırdalan şəhərində Laçın şəhər 1 saylı tam orta məktəbin yerləşdiyi binada fəaliyyətini davam etdirir.

Laçın rayon Mədəniyyət evi 1930-cu ildən fəaliyyət göstərir. Mədəniyyət evi rayonun işğalından əvvəl Laçın şəhərinin mərkəzində xüsusi dövlət sifarişi əsasında inşa edilmiş, ən müasir texniki qurğularla, səhnə avadanlıqları ilə və keyfiyyətli inventarlarla təhciz edilmişdir. Mədəniyyət evi sahəsi 3700 m2 olan mədəniyyət sarayında fəaliyyət göstərirdi. 1982-ci ildən Mədəniyyət Nazirliyinin əmri əsasında Laçın rayonunun Mədəniyyət Evinin nəzdində “Xalq Teatrı” yaranmışdır. “Xalq Teatrı” hazırda kiçik səhnə əsərlərini tamaşaya qoymaqla rayon sakinlərinə xidmət göstərir. Laçın rayonunun işğalı nəticəsində rayon Mədəniyyət Evinin bütün əmlakı işğal zonasında qalmışdır.

Laçın rayon Mədəniyyət evi Ağcabədi rayonu Taxta-Körpü qəsəbəsində 250 nəfərlik tamaşaçı yeri olan yeni inşa edilmiş binada yerləşir. 2015-ci il Laçın rayon Mədəniyyət evi Laçın Rayon Mədəniyyət Mərkəzi adı ilə fəaliyyət göstərir

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)