Azad edilmiş ərazilərin aqrar POTENSİALI: bol məhsuldarlıq olacaq - NAZİRLİK
İşğaldan azad olunmuş ərazilərimizin aqrar potensialını dəyərləndirən zaman işğaldan əvvəl o bölgələrin kənd təsərrüfatı ənənələri nəzərə alınmalıdır.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov bildirib.
V.Hüseynov ayrı-ayrı rayonların əkinçilik ənənələrilə bağlı aşağıdakıları qeyd edib:
“80-ci illərin əkin strukturuna baxsaq, Füzuli və Cəbrayıl rayonlarında kənd təsərrüfatına yararlı torpaqların təxminən 50 faizdən çoxunu əkin sahələri təşkil edib. Bu rayonların kənd təsərrüfatında həmişə taxılçılıq, üzümçülük və baramaçılıq ənənəvi sahələr sayılıb. Bu sahələrin ümumi əkin strukturunda payı 90 faizdən çoxdur. Ona görə hər iki rayonda taxılçılıq və üzümçülüyün inkişafı üçün böyük potensial olduğunu söyləyə bilərik.
Ağdam rayonunda isə 80-ci illərin sonlarında taxılçılıq və üzümçülüklə yanaşı, pambıqçılıq da geniş inkişaf etmişdi. Laçın və Kəlbəcər rayonlarının təbii iqlim şəraiti heyvandarlığın inkişafı üçün geniş imkanlar yaradır. Bu rayonlarımız hələ sovetlər dövründən heyvandarlıq üzrə ixtisaslaşıb, 80-ci illərdə hər iki rayonda kənd təsərrüfatına yararlı torpaq sahələrinin 90 faizdən çoxunu örüş-otlaq və biçənək sahələri təşkil edib. Bu baxımdan həmin rayonlarda heyvandarlığın inkişafı daha məqsədəuyğun sayılır”.
Nazirlik rəsmisinin sözlərinə görə, işğaldan azad olunmuş rayonlarda kənd təsərrüfatının gələcək inkişaf potensialını dəyərləndirən zaman bu ərazilərdə iqlim xüsusiyyətlərinə uyğun yem bitkilərinin, tərəvəz, bostan, meyvə-giləmeyvə, kartof, tütün əkinlərinin aparılması da həyata keçirilməlidir:
“Digər məsələlərlə yanaşı, iki obyektiv amil o bölgələrimizdə əkin sahələrində məhsuldarlıq üçün zəmin yaradır : işğaldan azad olunmuş bölgələrimizin torpaq münbitliyinin yüksək olması və ərazinin su qaynaqları ilə zənginliyi. Hər iki amil bol məhsuldarlığa zəmin yaradır”.