Sağlamlıq

TƏBİB: Karantin rejiminin şərtlərinə yenidən baxıla bilər

“Bir neçə həftə əvvəl koronavirusa yoluxma ilə bağlı vəziyyət bizim xeyrimizə idisə, son günlərdə bu istiqamət dəyişib. Görürük ki, günlük yoluxma  mənfi tendensiya üzrə inkişaf edir”.

Bunu açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib. O bildirib ki, hazırki vəziyyət ağırlaşmağa doğru gedəcək: “Artıq bütün dünya ölkələrində karantin rejiminin yumşaldılmasından sonra yoluxma sayının artdığını görə bilirik. Bir gün ərzində bu qədər əlavə yoluxmanın olması ciddi rəqəmdir. Yoluxma bu şəkildə gedərsə, biz təkrarı yaşaya bilərik.

Niyə yoluxma sayı artdı?  Belə bir sual qoyaq. Yoluxma sayının artmasının bir çox səbəbi var. Baxmayaraq ki, biz həmişə yumşaldılmalardan sonra yoluxma sayının artma riskinin olduğunu deyirdik. İnsanlara deyirdik ki, yumşalmalar olmasına baxmayaraq, qaydalara daha ciddi əməl etməliyik. Bəzən insanlar bunu səhv başa düşürlər.  Karantin rejimində yumşaldılma olduğu halda demək risk yoxdur deyə düşünə bilirlər. Amma tam tərsinə, yumşaldılma olması bizi daha da diqqətli etməlidir. Virusun yayılmasının qarşısının alınması üçün bu, zəruridir. Amma məhdudiyyətlərin aradan qaldırılması, payız mövsümünün gəlişi, insanların qaydalara ciddi riayət etməməsi yoluxmanın artmasına səbəb olub. Sadəcə bunlar deyil, son günlərdə ön cəbhədə Azərbaycanın haqq savaşı gedir, bütün insanların diqqəti ordadır. Yəni, fikirlər ön cəbhəyə yönəldiyinə görə artıq koronavirus anlayışı aktuallığını itirib. Belə məqamda hamımızın diqqəti qələbə xəbərləri gözləməyə yönəlib. Bununla insanlar zəruri dediyimiz maska taxmaq, sosial məsafənin qorunması anlayışını unudurlar”.

V.Əliyev qeyd edib ki, son günlərdə əsgərlərlə mülki şəxslərin ciddi sıx təması olub: “Könüllü şəxslər hərbi komissarlığın qarşısında orduya yazılarkən ara məsafəsi qorunmurdu. Təbii ki, o anda onlar düşünülmür. Hər birimizin Azərbaycan övladı olaraq düşündüyümüz ön cəbhə, erməni separatçılarına qarşı mübarizə aparmaqdır. Amma arxa cəbhədəki virusu da unutmamalıyıq. Koronavirus sərhəd tanımır. Koronavirus ölkə daxilində insanın vəzifəsini, tutduğu mövqeyə baxıb xəstəlik yaratmır. Biz daha əvvəl də bunun şahidi olmuşuq. Yəni əsgər, zabit,  mülki vətəndaş olsun, koronavirusa yoluxarsa, bugünki gün üçün ölkə daxilində hər kəsi yoluxdura bilər”.

İnfeksionist vurğulayıb ki, xəstəliyə yoluxma sayı artarsa, yaxın gələcək üçün qazana biləcəyimiz hərbi uğura mənfi təsir göstərə bilər: “Biz insanlarımızın sağlamlığını düşünərək eyni zamanda  əsgər və zabitlərimizin də sağlamlığına təsir göstərmiş oluruq, yəni bunu da nəzarətdə saxlaya bilirik. Əgər daxildə koronavirusa yoluxmanın qarşısını ala bilməsək, bu, daha da  geniş arealda yayılacaq. Virus ordu sıralarına qədər yayıla bilər. Təbii ki, o zaman xəstəliyin qarşısını almaq çox çətin olacaq”.

V.Əliyev COVID-19-a yoluxma sayının artıma doğru gedəcəyini də qeyd edib. Onun sözlərinə görə, insanlar qaydalara əməl etməsə, karantin rejiminin şərtlərinə yenidən baxıla bilər: “Mövcud vəziyyətdə onsuz da ağır günlərdən keçirik. Hər bir azərbaycanlı bəzən orduya necə dəstək olacağı haqda düşünür. Məncə, ən böyük dəstək vətəndaş məsuliyyəti, bildiyimiz işi doğru etməkdir. Yəni, hər bir insan fərdi məsuliyyətindən irəli  gələrək öz sağlamlığını qorumaq və virusun yayılmasının qarşısını almaqla, vətənə, xalqa ən böyük faydalılığını göstərə bilər”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department