Tramp koronavirusla bağlı sirri niyə gizlədiyini açıqladı
ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransının gedişatında jurnalistlərə bildirib ki, ilin əvvəlində ölkədə təlaşdan, həmçinin tibbi təyinatlı malların və fərdi müdafiə vasitələrinin qiymət artımından qaçmaq üçün yeni tip koronavirus təhlükəsi haqqında dərhal bildirməyib.
Bu barədə "ena" TASS-a istinadən xəbər verir.
Ağ Ev rəhbərinin sözlərinə görə, Amerika səlahiyyətlilərinin nümayiş etdirməli olduqları son şeylər "çaxnaşma, həyəcan və qorxu" idi.
"Biz düşdüyümüz vəziyyətin qayğısına qalmalı idik. Biz liderlik və sakitlilik nümayiş etdirməliyik", - Tramp deyib. O, qeyd edib ki, Amerika Birləşmiş Ştatlarında "vahimə salmağa" hazırlaşmayıb.
Daha əvvəl Demokratlar Partiyasından ABŞ prezidenti vəzifəsinə namizəd Cozef Bayden Trampı ictimaiyyət qarşısında koronavirus təhlükəsi barədə susmaqda ittiham edib.
ABŞ koronavirusun yayılmasına görə dünyada birinci yerdədir. Birləşmiş Ştatlarda təhlükəli infeksiyaya yoluxma hallarının sayı 6,5 milyonu ötüb, 3,8 milyondan çox pasiyent sağalıb, demək olar, 195 min insan ölüb.