MALİYYƏ

Azərbaycan iqtisadiyyatına kapital qoyuluşlarının - 7 AYLIQ GÖSTƏRİCİSİ

2020-ci ilin yanvar-iyul aylarında Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 7 milyard 588,3 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,6% çoxdur. Bu barədə ENA.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 22,9% artıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,6% azalıb.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 4 milyard 703,9 milyon manatı və ya 62%-i tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Yanvar-iyul aylarında istifadə olunmuş vəsaitin 5 milyard 104,7 milyon manatı və ya 67,3%-i məhsul istehsalı sahələrinə, 1 milyard 745,9 milyon manatı (23%-i) xidmət sahələrinə, 737,7 milyon manatı (9,7%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Hesabat dövründə əsas kapitala yönəldilmiş vəsaitlərin 2 milyard 895,8 milyon manatını (38,2%) xarici, 4 milyard 692,5 milyon manatını və ya 61,8%-ni isə daxili vəsaitlər təşkil edib.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycanda əsas kapitala vəsait qoyuluşları 2,3% azalıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department