Elm və Texnologiya

İlon Mask: “DeepMind”in yaratdığı süni zəka insanları məhv edəcək

“Google”a məxsus olan “DeepMind” şirkətinin tərtib etdiyi süni intellekt böyük narahatlıq doğurur, deyə İlon Mask “The New York Times” qəzetinə verdiyi müsahibədə bildirib.

ENA.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Qeyd edək ki, Mask kompüter təfəkkürünün inkişafına nəzarət etməyin tərəfdarıdır və onun fikrincə, narahat olmağa dəyər.

“Onların yaratdıqları süni intellekt insanları məhv edən bir şeydir. Bu, sözün əsl mənasında “Müharibə oyunları”nın süjetidir”, – deyə milyarder söyləyir. “Müharibə oyunları” dedikdə, 1983-cü ildə çəkilmiş amerikan filmi nəzərdə tutulur.

“Tesla” avtomobilləri üçün süni intellekt üzərində işləyən zaman, milyarder kompüterin insanlarla müqayisədə qat-qat ağıllı olacağı dövrə yaxınlaşdığını başa düşüb. “Düşünürəm ki, bu dövrə beş ildən az vaxt qalıb. Bu o demək deyil ki, beş ildən sonra hər şey məhv olacaq. Sadəcə vəziyyət qeyri-sabit və ya qəribə ola bilər”, – Mask proqnozlaşdırır. Onun sözlərinə görə, ağıllı insanların bir çoxu süni intellekti adekvat qiymətləndirmir, çünki kompüterin insan qədər ağıllı ola biləcəyinə inanmır. “Bu – təkəbbürdür”, – biznesmen vurğulayır.

Xatırladaq ki, İlon Mask süni intellekt təhlükəsi haqqında ilk dəfə 2014-cü ildə yazıb. O, süni intellektin “nüvə silahından daha təhlükəli” olduğunu qeyd etmişdir.

“DeepMind” – süni zəkanın inkişafı ilə məşğul olan ingilis proqramıdır, Demis Xassabis tərəfindən qurulub. “Google” onu 2014-cü ildə alıb. Bu şirkət şahmat oyununda insanı məğlub edən proqram təminatının yaradılması ilə məşhurlaşıb. Qeyd edək ki, “DeepMind”in ilk investorlarından biri də İlon Mask idi.

2018-ci ildə Mask, Xassabis və “DeepMind” robotlardan insanları öldürmək məqsədilə istifadə etməyəcəklərinə söz verdilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)