MALİYYƏ

Mərkəzi Bank istiqraz emmisya etmək istəyənlərə tələbləri müəyyən etdi

Azərbaycan Mərkəzi Bankı emitentin istiqraz buraxılışının maksimum həcminə dair tələblər haqqında qaydaları məlum olub.

Məlumata görə, bu barədə 30 iyun 2020-ci il tarixli Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun qərarında deyilir.

Qərarda deyilir,

  1. Ümumi müddəalar 

1.1. Bu Qayda “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 3.8-ci maddəsinə müvafiq olaraq hazırlanmışdır və emitentin istiqraz buraxılışının maksimum həcminə dair tələbləri müəyyən edir.

1.2. Bu Qayda dövlət orqanları və bələdiyyələr, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar tərəfindən emissiya edilən və ya yalnız institusional investorlara təklif olunan istiqrazlara şamil edilmir.

1.3. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. emitent – istiqrazların emissiyasını “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirən hüquqi şəxs;

1.3.2. institusional investor – investisiya şirkətləri, investisiya fondları və onların idarəçiləri, əsas fəaliyyətini qiymətli kağızlara investisiyalar təşkil edən şəxslər, kredit təşkilatları, sığortaçılar, pensiya fondları və onların idarəçiləri, digər tənzimlənən maliyyə institutları, əmtəələrin və onlar üzrə törəmə alətlərin dilerləri, beynəlxalq maliyyə təşkilatları, dövlətlər, mərkəzi banklar;

1.3.3. təmin edilməmiş istiqrazlar – onlardan irəli gələn öhdəliklər girovla, qarantiya ilə, həmçinin dövlət və ya bələdiyyə zəmanəti ilə təmin edilməyən istiqrazlar;

1.3.4. təmin edilmiş istiqrazlar – onlar üzrə öhdəliklər girovla, qarantiya ilə, həmçinin dövlət və ya bələdiyyə zəmanəti ilə təmin edilmiş istiqrazlar;

1.3.5. xalis aktivlər (kapital) – bütün öhdəliklər çıxıldıqdan sonra emitentin aktivlərinin qalıq dəyəri.

  1. İstiqraz buraxılışının maksimum həcminə dair tələblər

2.1. İstiqrazların buraxılışının maksimum həcmi aşağıdakı düsturla hesablanır:

M – nəzərdə tutulan istiqraz buraxılışının maksimum həcmi;
T – təmin edilmiş istiqrazlar üzrə təminatın dəyəri;
r – təmin edilmiş istiqrazlar üzrə ödəniləcək olan faizlər (olduqda);
k – təmin edilməmiş istiqraz buraxılışının maksimum həcmi normativinin əmsalı (bu əmsal istiqraz buraxılışının maksimum həcminin emitentin xalis aktivlərinin dəyərinə nisbətdə tənzimlənməsi üçün tətbiq olunur);
A – emitentin xalis aktivlərinin dəyəri;
Bi– hər bir əvvəlki istiqraz buraxılışının yerləşdirilmə prosesində olan hissələrinin məcmu nominal dəyəri;
Ci – hər bir əvvəlki təmin edilmiş istiqraz buraxılışının yerləşdirilmə prosesində olan hissələrinin məcmu nominal dəyəri;
n – emitentin yerləşdirilmə prosesində olan istiqraz buraxılışlarının sayı.

2.2. Uzunmüddətli kredit reytinqi dərəcəsinə (Standard&Poor`s, Fitch Ratings, Moody`s reytinq agentliklərinin klassifikasiyasına görə) malik olmayan və ya uzunmüddətli kredit reytinqi dərəcəsi bu Qaydanın 2.3-cü bəndində müəyyən edilmiş reytinq dərəcəsindən aşağı olan Azərbaycan Respublikasında qeydiyyata alınmış emitentlər üçün təmin edilməmiş istiqraz buraxılışının maksimum həcm normativinin əmsalı 2 (iki) müəyyən edilir.

2.3. Azərbaycan Respublikasında qeydiyyata alınmış və beynəlxalq reytinq agentlikləri tərəfindən (Standard&Poor`s, Fitch Ratings, Moody`s) verilmiş kredit reytinqi dərəcəsi Azərbaycan Respublikasının ölkə (suveren) borc reytinqindən maksimum 1 (bir) pillə aşağı olan emitentlər üçün təmin edilməmiş istiqraz buraxılışının maksimum həcm normativinin əmsalı 3 (üç) müəyyən edilir.

2.4. Ən azı “BBB -” (“Standard&Poor’s” və “Fitch” reytinq agentliklərinin klassifikasiyasına görə), “Baa3” (“Moody’s” reytinq agentliyinin klassifikasiyasına görə) və ya digər reytinq agentliklərinin bu reytinq dərəcələrinə ekvivalent olan, uzunmüddətli kredit reytinqi dərəcəsinə malik xarici emitentlər üçün Azərbaycan Respublikasının ərazisində təmin edilməmiş istiqraz buraxılışının maksimum həcm normativinin əmsalı 3 (üç) müəyyən edilir.

2.5. Bu Qaydanın 2.4-cü bəndi ilə müəyyən edilmiş uzunmüddətli reytinq dərəcəsindən aşağı reytinq dərəcəsinə malik olan və ya uzunmüddətli kredit reytinqi dərəcəsinə malik olmayan xarici emitentlər tərəfindən Azərbaycan Respublikasının ərazisində təmin edilməmiş istiqrazların emissiyasına yol verilmir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)